Bakıya iki dost ölkə arasında gərginlik – Hərbi toqquşma olacaq?

Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, rəsmi Ankara İsrailə qarşı bəzi yeni əks tədbirlər görməyə qərar verib.

Nazir bu tədbirlərin İsrail tam atəşkəs elan edənə və humanitar yardımın Qəzzaya maneəsiz axınına icazə verənə qədər qüvvədə qalacağını vurğulayıb.

Türkiyə İsraillə bağlı sərt tədbirlər görərsə, Təl-Əviv Ankaraya qarşı hərbi addımlar ata bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elşad Həsənov deyib ki, HƏMAS-İsrail müharibəsi başlayandan bəri Türkiyə atəşkəsin əldə olunması, danışıqlar masasına keçilməsinin tərəfdarı olub:

“Bu istiqamətdə lazımi tədbirlər görüb. Bu gün Yaxın Şərqdə qətliam törədilir. Müharibə nəticəsində 36 min ölü, 76 min yaralı var. XXI əsrdə belə vəhşiliklər normal qarşılanmamalıdır. Müsəlman dövlətlərinin lideri kimi Türkiyə sözügedən məsələyə diqqətlə yanaşır və müharibənin dayandırılmasını tələb edir”.

Politoloqun sözlərinə görə, İsrail fəaliyyətini davam etdirməkdə qərarlıdır:

“İsrailin Baş naziri Benyamin Netanyahu sonuncu HƏMAS üzvü öldürülənə qədər müharibəni davam etdirəcəyini bildirmişdi. İran Qəzzada HƏMAS-a dəstək göstərir, Hizbullah da İsrailə zərbələr endirir. Rəsmi Tehran birbaşa müharibədə iştirak etməsə də, proksi qüvvələr vasitəsilə münaqişəyə qoşulub.

İsrail aprelin 1-də İranın Dəməşqdə olan konsulluğunu vurdu və 13 nəfər həlak oldu. Bundan sonra İran İsrailə ciddi cavab verəcəyini desə də, hələ ki bu istiqamətdə fəaliyyətə başlamayıb”.

E.Həsənov Türkiyənin İsrailə qarşı müharibəyə başlayacağını düşünmür:

“İqtisadi rıçaqlardan istifadə olunacaq. 54 adda məhsulun müharibə bitənə qədər İsrailə göndərilməsi dayandırılıb. İsrail rəsmi Ankaraya qarşı heç bir ciddi tədbir görə bilməz. Türkiyə dünyanın lider dövlətlərindən biri, həm də NATO ölkəsidir. Təl-Əviv NATO-ya qarşı hər hansı addım ata bilməz. Bu onun sonunu gətirər”.

Safura Bənnayeva
Globalinfo.az