Bakıya “desant” çıxarıldı – Qarabağın intiqamını almaq üçün səfərbərlik elan olunub

Gözlənilən idi. Amma bu qədər həyasızlıq edəcəklərini düşünmürdük. Açığı, deyirdik ki, kursu sosial məsələlər üzərinə fokuslayıb, hökuməti bu sahədən “atəşə” tutarlar. Daha Xankəndiyə görə İlham Əliyevi gecə-gündüz qınamaq, tənqid etmək… Nə deyəsən?!

Azərbaycan Qarabağ məsələsini həll etdi! Separatizm aradan qaldırıldı. DTX separatçıları qandallayıb Bakıya gətirdi. Daha əvvəl həbs edilən Meşəli qatillərindən olan Vaqif Xaçaturyanın hazırda məhkəməsi gedir.

Oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdərədə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltdı. Prezident Xankəndidə də oldu. Cəmiyyət onun bu şəhərə səfərinə diqqət kəsilmişdi. Azərbaycanın Dövlət Gerbini, üçrəngli, ay-ulduzlu Bayrağını Xankəndidə ucaltdı. Möhtəşəm, tarixi çıxış etdi. 200 illik bir mərhələyə yekun vurdu. “Artsax” ideologiyası, “Böyük Ermənistan” xülyası, ermənizm, ərazimizdə ikinci Ermənistan dövləti hədəfi darmadağın edildi, məğlubiyyətə uğradıldı. Separatizm və separatçılar, revanşistlər susduruldu.

Separatçıların məğlubiyyəti Bakıdakı “ermənilərə” çox pis təsir edib. Dəli olmaq dərəcəsinə çatıblar. Onlar separatçıların intiqamını Azərbaycan dövlətindən, Prezident İlham Əliyevdən almaq üçün səfərbər olublar. Bu rəzalət komandasının “kapitanı” Əli Kərimli gecə-gündüz susmur. Açıq-aydın deyir ki, İlham Əliyev Xankəndiyə getməməli idi. Tarixi şəhərimizi işğaldan azad etməməli idi. Orada bayrağımızı ucaltmamalı idi.

Bu hadisələr onu bitirib. 20 ildir İlham Əliyevlə yarışmaq istəyir. Onu məğlub etməyi qarşısına məqsəd qoyub. Guya bu prezident olacaq. Son 3 ilə kimi Qarabağ məsələsi üzərindən iqtidara hücuma keçirdi. Vətən müharibəsi başlayanda düşmənə satılmış xain komandirlər kimi, ölkəsini arxadan vurmağa başladı. Baxdı ki, yox, məsələ ciddiləşir, Azərbaycan işğaldakı torpaqları bir-bir azad edir, valı dəyişmək məcburiyyətində qaldı. Onda da o və digər inkarçı müxalifət sədrləri ortaya belə tezis atdılar ki, uğurlu hərbi əməliyyatları ordu aparır, bunun İlham Əliyevə dəxli yoxdur. Elə siyasətçilər var, ata-babasının qəbri Qarabağdadır. Onlar belə bu uğurlu əməliyyatlardan dəli olmuşdular. Ürəklərindən keçən bu idi ki, əməliyyatlar “proval” olsun, ordumuz məğlub duruma düşsün. Bunu müsahibələrindən, sosial şəbəkə paylaşımlardan duymaq olurdu. Bir də ki, bu adamları yaxşı tanıyıram, onlarla 20-25 ilim keçib. Uğura, pozitivliyə qənim kəsiliblər. Hakimiyyətin Azərbaycanla bağlı uğurlarını qəbul etmirlər. O uğura qarşı cəbhə alırlar.

Bu dəstə özünün siyasi ömrünün sonunu yaşayır. Aqoniya vəziyyətindədirlər. Çırpınırlar. Bağırırlar. Xaotik davranışlara yol verirlər. Onların bağlı olduqları dairələr də köməklərinə gələ bilmir. Hansı ki, bu dəstədən “desant” düzəldib. Onları Bakı üzərindən bütün ölkəyə qarşı savaşa təşkilatlandırmaq istəyir. Alınmır. Alınmayacaq. Çünki ortada qələbə var! İndiyə kimi deyirdilər ki, hanı Xocalı? Ağdərə niyə azad deyil? Xankəndidə nə üçün bayrağımız ucalmayıb? Ondan əvvəl isə Laçını əsas arqument etmişdilər. Yutubda, Tik-Tokda və digər platformalarda Əli Kərimlinin son üç ildə Qarabağ məsələsi ilə bağlı hakimiyyəti tənqidlərindən roliklər düzəldilib.

 

Biabırçılıqdır. Onun yerinə kim olsa, siyasətdən gedər. Ya da bir müddət kənara çəkilər. Son 3 ildə nə deyib, hansı proses haqda proqnoz verib, hamısı yalan çıxıb. Bu, AXCP sədri yox, yalanın, şərin, iftiranın lideridir.

İndi Xankəndi daxil, bütün işğaldakı ərazilər geri qaytarılıb, Ali Baş Komandan bayrağımızı asıb, məsələ həll edilib, proses yekunlaşıb, yenə o adam həyasız şəkildə danışır. Deyir ki, İlham Əliyev niyə Xankəndiyə bayrağı sancdı? “Xəstədilər, dəlidilər, nədilər” – İlham Əliyevin illər öncə bunlar barədə dediyi sözlər hazırkı durumlarını tam ifadə edir.

Hakimiyyəti, İlham Əliyevi bəhanə edib Azərbaycana, millətə qarşı cəbhə açıblar. Bunun bir adı – Vətənə xəyanət, millətə dönüklükdür. İnanın, hakimiyyətə gəlmək imkanları olsa, Qarabağı yenidən erməniyə hədiyyə edərlər. Amma heç vaxt bu arzuları reallaşmayacaq. Artıq ictimaiyyət özü bu adamların cavabını verir. Sosial şəbəkə paylaşımlarının altından bunların ünvanına nələr deyilir, görürük. Bu rəyləri yazanlar trollar deyil, sadə insanlardır. Vicdanlı vətəndaşlardır.

Azərbaycan yeni mərhələyə qədəm qoyub. Oktyabrın 15-dən tamam fərqli Azərbaycan var ortada. Bu yeni mərhələyə kimlər uyğunlaşa biləcək, onlar siyasi baxımdan yaşayacaq. Kimlər ki xain planlara alət olmaq yolu seçəcəklər, onlar xalqın və tarixin lənətinə tuş gələcəklər.

Dünyanın heç bir ölkəsində belə müxalifət ola bilməz! Ölkənin qazandığı qələbəyə haram qatmaq, millətin burnundan gətirməyə çalışmaq ancaq və ancaq bu dəstəyə məxsusdur.

Bu qaragüruh dəstə 2020-ci ilin noyabrında Azərbaycan Şuşanı işğaldan azad edəndə də eyni mövqeyi tutmuşdular. 10 Noyabr bəyanatının şərtlərindən biri də rus sülhməramlıların Qarabağda təmsil olunması idi. Onlar “İlham Əliyev Qarabağı Rusiyaya satdı” deyib millətin qələbəsini gözündə qoymağa, ortalığı qarışdırmağa çalışdılar. Lakin bu iddialarına ən tutarlı cavab 2021-ci ilin iyununda Şuşada Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi oldu.

Qaragüruhçular indi də eyni yolu tutublar, lakin bütün cəhdləri əbəsdir. Çünki hazırda Qarabağ tam azaddır, Azərbaycan öz suverenliyini bərpa edib. Müəyyən müddət sonra bunların demaqogiyası tamamilə iflasa uğrayacaq və deməyə sözləri qalmayacaq. Ağılları olsa, tamam fərqli siyasət yürüdüb, növbəti mərhələdə hakimiyyətlə daha məntiqli və əsaslı mübarizə aparmaq yolunu seçərlər. Amma bunlarda ağıl nə gəzir?!

Azər Ayxan
Globalinfo.az