Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresdə çıxışı zamanı deyib ki, Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq. Nazir müavini Azərbaycanda da zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsinin və monitorinqlərin keçirilməsinin lazım olduğunu söyləyib. Türkiyədəki zəlzələdən 3 aya yaxın vaxt keçir. Bəs Bakıdakı yaşayış binaları invertarlaşdırılıbmı? Bütün bunları etmək üçün bizə nə qədər zaman lazımdır?

Məsələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Globalinfo.az-a deyib ki, binanın tikinti işlərində onların heç bir işi yoxdur:

“İlk növbədə “xruşovkalar” və digər köhnə, qəzalı evlər sökülərək yenilənməlidir. O evlər 60-cı illərdə tikilən zaman 40 ilə qədər yararlı olacağı hesablanıb. Amma 60 ildən çox vaxt ötməsinə baxmayaraq, hələ də yaşayış var. Hətta Beynəlxalq Konqresdə xarici mütəxəssislər hər bina üçün ayrıca təhqiqat aparmaq lazım olduğunu dedilər. Çünki ərazi mürəkkəbliyi, geoloji quruluş qaydasında olmalıdır. Hər şeydən öncə binanın zəlzələyə davamlılığı önəmlidir. Konstruksiya elə qurulmalıdır ki, o bina ən güclü zəlzələyə belə davam gətirsin”.

Q.Yetirmişli deyib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti qurumlar binaların tikintisinə ciddi yanaşırlar:

“Amma ilk növbədə yerin altını bilmək lazımdır. Türkiyədə baş verən hadisə reallıqdır. Aralarında 6-7 metr fərq olan binalardan biri dayanıb, digəri isə çöküb. Burada söhbət keyfiyyətsizlikdən getmir. Sadəcə, yerin altı tikintiyə yararsız olur. Bunlara diqqət etmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: