
“Middle East Eye” nəşri İsrail və Türkiyənin Suriyada hərbi toqquşmaların qarşısını almaq üçün xüsusi “qaynar xətt” yaradılması barədə razılığa gəldiyini yazıb. Nəşr Bakıda Azərbaycanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində tərəflərin belə bir qərar verdiyi qeyd edib.
“Israel Hayom” da məlumatı təsdiqləyib. Həmçinin Ankara və Təl-Əviv nümayəndələrinin Bakıda müzakirələri davam etdirəcəyi, yaxın zamanda danışıqların beşinci raundunun keçiriləcəyi deyilir.
Bu razılaşma Bakı üçün hansı strateji nəticələr doğura bilər? Ankara və Təl-Əviv arasında sabitliyin davamlılığı üçün nə kimi addımlar atılmalıdır?
Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Türkiyə və İsrailin fərqli hədəfləri var:
“Türkiyə Azərbaycanın həm müttəfiqidir, həm də qardaş ölkədir. İsrail isə strateji tərəfdaşımızdır. Təbii ki, biz də bu iki ölkə arasında hər hansı problemin olmasını istəmirik. Lakin bütün bunlara baxmayaraq, Ankara-Təl-Əviv münasibətlərində bir sıra problemlər hələ də qalmaqdadır.
Fərid Şəfiyev
Türkiyənin Suriya ilə bağlı hədəfləri Azərbaycan üçün də əhəmiyyətlidir. Ankara Suriya dövlətinin güclənməsini və dövlətçiliyinin möhkəmləndirilməsini istəyir. Həmçinin regiondakı radikal qruplaşmaların aktivləşməsi məsələsi də var. Bu, birbaşa Türkiyənin təhlükəsizliyinə təhdid yaradır. Digər tərəfdən, İsrailin hədəfləri isə tamamilə fərqlidir. Təl-Əviv əvvəlcə İranın Suriya ərazisindəki proksi qruplarına qarşı mübarizə aparırdı. Lakin hazırda bu prioritetlər dəyişib. Türkiyə isə İsrailin Suriyadakı fəaliyyətlərini ölkənin dövlətçiliyinə qarşı atılmış addımlar kimi görür və buna görə də tərəflər arasında gərginlik yaranır.
Azərbaycan bu tendensiyalardan yan keçmir. Bakı hər iki tərəfi uzlaşdırmağa və gərginliyi azaltmağa çalışır. Bu istiqamətdə Azərbaycanın rolu həm müttəfiq, həm də diplomatik güc olaraq əhəmiyyətlidir.”
Turan Rzayev
Globalinfo.az