“Qarabağ”ı “Bayer”lə matçda nə gözləyir? – Ekspert rəyi

 

“Dünən keçirilən “Qarabağ”- “Braqa” oyunu ağır keçdi. Bu, öncədən gözlənilən idi”.

Bu sözləri Globalinfo.az-a əməkdar jurnalist, idman yazarı Aydın Bağırov “Qarabağ” FK-nın qələbə qazanması haqda danışarkən deyib.

O, rəqibin çox güclü komanda olduğunu qeyd edib:

“Braqa” Avropanın ən güclü 7-ci liqasının təmsilçisi idi və bilinirdi ki, onlar cavab oyununa daha ciddi yanaşacaqlar. Biz dünən də bunu gördük, komanda çox möhkəm idi. Portuqaliya kimi bir ölkənin təmsilçisini keçmək artıq “Qarabağ”ın klub olaraq nə qədər böyüdüyünü, inkişaf etdiyini göstərir. Mənə elə gəlir ki, bu gün “Qarabağ” tarixin ən güclü mərhələsinə qədəm qoyub. 10 nəfərlə mübarizə aparmasına baxmayaraq, sona qədər əzmkarlıqla oynadı. 120+2-ci dəqiqədəki vacib qolla da növbəti mərhələyə adladı”.

A.Bağırov deyib ki, növbəti oyunda “Qarabağ”ın şansına iki ən çətin rəqibdən biri düşüb:

“Bayer” bu gün Avropada uduzmayan yeganə komandadır. Bu klub 32 oyunun heç birində məğlub olmayıb. İstər Bakıda, istərsə də səfərdəki oyun çox çətin olacaq, amma birinci oyun Bakıda olduğu üçün inanıram ki, bəlkə, evdə heç-heçə etmək mümkün olar. Olmasa belə, istənilən halda “Qarabağ” və Azərbaycan futbolu üçün 1/8 finala kimi gəlmək böyük tarixi uğurdur”.

Zaira Akifqızı
Globalinfo.az