esas

Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” tədbiri ikinci gün işini davam etdirir.

Globalinfo.az xəbər verir ki, sammit türkdilli və regional dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.

Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin müvafiq qurumlarının dəstəyi ilə təşkil olunub.

İkinci günün proqramında kibertəhlükəsizlik, maliyyə fırıldaqçılığına qarşı mübarizə və komplayens mövzularına həsr olunan panellər keçirilir. “Fraud Prevention-Cybersecurity” panelində fişinq hücumlarına qarşı həllər, rəqəmsal fırıldaqçılıq statistikası, süni intellekt dövründə təhlükəsizlik çağırışları və biometrik texnologiyaların tətbiqi müzakirə olunur.

“Building Effective Compliance Ecosystems: Global Trends-Regional Insights” panelində isə makroregional risklərin azaldılmasında komplayens sistemlərinin rolu, Mərkəzi Asiyada bu sahənin inkişafı, maliyyə bütövlüyünün gücləndirilməsi və süni intellekt dövründə məlumat məsuliyyəti kimi məsələlərə diqqət yetirilir.

Qeyd edək ki, sammitin ilk günü bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Azərbaycan Fintex Assosiasiyası ilə Mərkəzi Asiya Fintex Assosiasiyası, VISA ilə Azərbaycan Milli Olimpiya Komitəsi, həmçinin Azərbaycan Banklar Assosiasiyası ilə Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi arasında memorandumlar imzalanıb.

Ləman İmran
Globalinfo.az

Paylaş: