Bakıda yanğınla bağlı yolda qoyulan məhdudiyyət götürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
***14:00
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
***13:24
Nəsimi rayonunda, Nizami küçəsində anbarda baş verən yanğına yaxın ərazidə yerləşən çoxmənziılli yaşayış binasında olan insanlar təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.
Onun sözlərinə görə, yanğında xəsarət alan yoxdur:
“Hazırda yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində isə işlər gedir. Ümumi sahəsi 2400 kv metr olan obyektin açıq alovla yanan hissəsi 60 kv metr olub. Yanğında xəsarət alan yoxdur. Anbardakı malların böyük hissəsi yanğında məhv olsa da, bir hissəsi də yanğından mühafizə olunub”.
Qeyd edək ki, Bakıda, Nizami küçəsində anbarda səhər saatlarında güclü yanğın baş verib. Hadisə yerində FHN-nin 14 avtomobili və 61 nəfər şəxsi heyəti cəlb edilib.
***12:43
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
FHN Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***12:33
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.
Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.
Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***11:59
Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.
Yanğın baş verən əraziyə 5 əsas, 2 xüsusi yanğısöndürən texnika cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
***11:47
Bakıda anbarda baş verən yanğın şiddətlənib.
Globalinfo.az bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən avtomobili cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.
***11:31
Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.




***11:07
Bakıda daha bir ərazidə güclü yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, hazırda Nizami küçəsində köhnə tikili yanır.
FHN-nin yanğınsöndürən maşınları hadisə yerindədir.
Məlumata görə, yanğın anbarda baş verib.

