Tanınmış aparıcı Jalə Həsənli Bakıda tıxac səbəbindən ictimai nəqliyyatın işinin iflic olmasından yazıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Aparıcı qeyd edib ki, məktəblər açılmasa belə, Yasamal rayonunda nəqliyyat iflic vəziyyətdədir:
“Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Bir az sıxlıq olan kimi də elə qiymət təklif edirlər ki, bilmirsən Yeni Yasamaldan Şərifzadəyə gedirsən, yoxsa rayona?
Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək? Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir”.
J.Həsənli daha vacib bir məqama diqqət çəkib:
“İctimai nəqliyyatdan istifadə edin” deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? İnsanların avtobusa minmək üçün verdiyi mübarizənin şahidi olmusunuz? Hamilə qadın avtobusa minmək istəyir, yaşlı kişi onu itələyib özü keçir. Baxırsan ki, adam fiziki məhdudiyyətlidir, günün altında qalmaqdan bezib, əlləri əsir. Kimə nə deyəsən? Uşaqlar desən, onları avtobusda sanki görən yoxdur. Gözlərində bir qorxu, təlaşla analarının əllərindən tutub, kiməsə sığınıb gedirlər. Belə sıxlıq olar?
Jalə Həsənli
Qurumlar, məsləhət verməyin, əməli addıma keçin, tədbir görün. Hələ dərs açılmamış vəziyyət belədirsə, 16 sentyabrdan küçələri düşünmək belə istəmirəm”.
Aparıcı şəxsi avtomobildən istifadənin də müşkülə çevrildiyini bildirib, həmçinin parklanma probleminə diqqət çəkib:
“Çox yerdə saxlamaq qadağandır, bəzi yerlərdə isə ümumiyyətlə parklanma yeri yoxdur. Bina, mağaza tikirlər, parklanma yeri yox! 55 qəpiklik çörək almaq üçün düşürsən, 20 manatlıq cərimələnirsən.
“Ən yaxşı variant velosipeddir” deyirsinizsə, onu da fikirləşmişəm. Amma nəzərə alsaq ki, avtobus üçün nəzərdə tutulan zolaqdan avtomobilləri, avtomobil üçün nəzərdə tutulandan da avtobusları çıxarmaq olmur, o zaman velosipedçinin aqibətini düşünmək belə istəmirəm. Yeri gəlmişkən, velosiped zolağı hələ heç bizim tərəflərə gəlib çatmayıb.
Nə edək? Dərdimizin dərmanı hansı qurumdadır? Deyin, üzümüzü ona tutaq danışaq”.














