Erməni politoloq Stepan Danielyan Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirib. O, yaxın aylarda beynəlxalq konfiqurasiyanı dəyişə biləcək fundamental hadisələrin gözlənildiyindən də danışıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Stepan Danielyan revanşist düşüncələri olan politoloqdur:
“O, radikal erməni milliyyətçiliyinin ideoloji tezislərini daşıyan adamdır. İrəli sürdüyü fikirlərin ciddi əsası yoxdur. Ermənistanın Azərbaycanla sülhə doğru addımlaması Türkiyə ilə də münasibətlərinin normallaşmasına səbəb olur. Sözügedən prosesdən narahat olan qüvvələr zənn edirlər ki, rəsmi İrəvanın Ankara ilə yaxınlaşması Ermənistandakı son revanşizmi də aradan qaldıra bilər. Ona görə də həmin addımları “tələskənlik” və s. adlandırırlar”.
Siyasi şərhçinin sözlərinə görə, İrəvanın Ankara ilə münasibətlərini yaxşılaşdırmasının yeganə yolu Azərbaycana qarşı provakasiyalardan əl çəkmək və sülh müqaviləsini imzalamaqdır:
“Bu gün Ermənistanın havadarları onun Türkiyə ilə münasibətlərinin normallaşmasında maraqlı deyil. Hər vəchlə İrəvandan regionu qarışdırmaq üçün istifadə etməyə çalışırlar. Bu, çox təhlükəli tendensiyalardan – Ermənistanın çətin sınaqlar və seçimlər qarşısında olduğundan xəbər verir”.
Safura Bənnyeva
Globalinfo.az