Bakı Moskvadan konstitusiya dəyişikliyi tələb etməlidir? – İlginc ərazi mübahisəsi

Bakı Moskvadan konstitusiya dəyişikliyi tələb etməlidir? – İlginc ərazi mübahisəsi

Erməni politoloq Vahram Atanesyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün rəsmi İrəvanın Konstitusiyasına dəyişiklik etməsi tələb olunub. O iddia edib ki, Azərbaycan öz Konstitusiyasını dəyişdirərək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) deyil, Azərbaycan SSR-in varisi olduğunu bildirməlidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov səslənən fikirləri cəfəngiyat adlandırıb:

“Azərbaycan Konstitusiyasında Müstəqillik Haqqında Konstitusiya aktına istinad var. Sözügedən aktda Azərbaycan AXC varisi kimi qeyd olunur. Lakin Ermənistana qarşı ərazi iddiaları ilə bağlı açıq-aşkar ifadələrə yer verilməyib.

Bir çox ölkələr özünün normativ-hüquqi aktlarında əvvəl mövcud olmuş hansısa dövlətin hüquqi varisi olduğunu qeyd edirlər. Məsələn, Rusiya Federasiyası SSRİ-nin varisi kimi daxili və beynəlxalq normativ hüquqi aktlarda çıxış edir. Onda belə çıxır ki, vaxtilə SSRİ daxilində olan 15 ölkə Rusiyadan konstitusiya dəyişikliyi tələb etməlidir ki, həmin ölkələrə ərazi iddiası var”.

Bakı Moskvadan konstitusiya dəyişikliyi tələb etməlidir? – İlginc ərazi mübahisəsi

Sultan Zahidov

Politoloqun sözlərinə görə, bir ölkə əvvəl mövcud olmuş ölkənin varisi kimi çıxış edəndə onun dövlət atributlarının, hüquqi borclarının daşıyıcısına çevrilir:

“Bu həmin dövlətin digər ölkələrə ərazi iddiası olduğu mənasına gəlmir. Lakin Ermənistan Konstitusiyasının preambulasında yazılıb ki, 1990-cı ildə qəbul etdiyi Müstəqillik bəyannaməsinə əsaslanır. Burada həm Ermənistanın 1918-ci ildə yaranmış Ermənistan Respublikasının varisi olduğu, həm də “Ermənistan və Qarabağın birləşməsinin zəruriliyi” qeyd edilir. Qarabağ tarixi, beynəlxalq, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Bu halda Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac var”.

Safura Bənnayeva
Globalinfo.az