İrəvanda fəlakət kimi “qərar” – III müharibənin təməli qoyulur?

Separatçıların başçısı Samvel Şahramanyanın “dqr”in buraxılması haqda “fərmanı” ləğv etdiyi açıqlanıb. Yəni separatçılar revanşist ideyalarına qaldıqları yerdən davam edəcəklər.

Maraqlıdır, bu, sülhə hər hansı təhdid yaradırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov qeyd edib ki, “dağlıq qarabağ respublikasının” “rəhbəri” İrəvanda rəsmilərlə müəyyən görüşlər keçirir, “dqr”nin ləğv olunmaması ilə bağlı sənəd imzalayır və 2024-cü ildə də fəaliyyətlərinin davam edəcəyini bildirir:

“Hadisələrin bu formada inkişafı Ermənistana təhdiddir. Azərbaycan öz işini görüb. Antiterror əməliyyatı ilə bütün əraziləri üzərində suverenliyini bərpa edib. Artıq nə sözdə “dqr”nin nümayəndələri, nə də hərbçiləri Azərbaycan üçün ciddi təhdid ola bilər.

Hazırda onlar Ermənistan daxilində müxtəlif institutlar yaradır, qərarlar verirlər. Bu isə Nikol Paşinyan hakimiyyəti üçün böyük təhdiddir. Həmin separatçılar Rusiya başda olmaqla digər ölkələrdən müəyyən dəstək də alır. Rəsmi Moskva Paşinyanın hakimiyyətdən getməsini istəyir. Bunun üçün də müxalifəti dəstəkləyir. Həmin müxalifət də revanşist, separatçı ideyalara sarılan şəxslərdir. Şahramanyanın ləğv fərmanından sonra ilk reaksiya verənlər də Paşinyan fraksiyasının nümayəndələri oldu. Nikol Paşinyanın “Mülki Müqavilə” fraksiyası var. Bu partiyanın katibi ötən gün açıqlamasında qeyd etdi ki, Şahramanyan kimdir ki, hansısa qərara imza atsın:

“Belə bir qərarın legitimliyi ola bilməz, İrəvanda bütün qərarları hökumət verir”.

Hakim partiyanın digər nümayəndələrinin də bu qəbildən sərt cavablarının şahidi olmuşuq”.

Sultan Zahidov

Politoloqun fikrincə, Paşinyan hakimiyəti həmin “qərarı” tanısa, bu onun da separatizmə dəstək verdiyini göstərəcək:

“Bu isə sülh prosesini yubadacaq. Azərbaycan separatizm ideyalarını rəhbər tutan şəxslə sülh müqaviləsi imzalamaq istəməz. Sülh müqaviləsi mətnində də tərəflər arasında ərazi iddiasının olmaması öz əksini tapmalıdır. Düşünürəm ki, Paşinyan hökuməti separatçılardan ehtiyat edir və onlara qarşı müəyyən tədbirlər görəcəklər”.

S.Zahidov qeyd edib ki, separatçıların yenidən nəyəsə cəhd etmələri hüquqi baxımdan mümkün deyil:

“Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Lakin separatizm və revanşizm ideyaları daha da genişlənərsə, ermənilərin gələcək nəsilləri də bizə düşmən kimi baxacaqlar. Gələcəkdə yenidən Azərbaycana qarşı silah qaldırma ehtimalı olduğundan birmənalı şəkildə həmin ideyalar bizim üçün təhdiddir”.

Safura Bənnayeva
Globalinfo.az