Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
***09:57
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
***09:35
Bu gün “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.
Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, – o vurğulayıb.
***09:02
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Globalinfo.az xəbər verir ki, bu haqda Bakı Metropoliteninin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.