Bakı məktəbində dava düşdü, direktor imtina etdi – VİDEO

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mətbuat.az saytı məlumat yayıb.

Məlumata görə, bir neçə dəfə Məhərrəm adlı 9-cu sinif şagirdi eyni məktəbdə təhsil alan 7-ci sinif şagirdinə sataşıb, daha sonra digər şagirdlərlə birgə onu döyüb. Bundan başqa, 9-cu sinif şagirdinin üzərində bıçaq gəzdirdiyi bildirilir. Hətta həmin şagird davaya getdikləri görüntüləri çəkərək “TikTok” hesabında paylaşıb.

Globalinfo.az məsələ ilə bağlı 188 saylı məktəblə əlaqə saxlayıb.

Özünü direktorun katibəsi kimi təqdim edən xanım bildirib ki, bu barədə direktor və ya onun müavini danışa bilər. Daha sonra o, direktor və müavinə müraciət edərək zəng edən şəxsin, yəni bizim jurnalist olduğumuzu deyib. Direktor isə mətbuatdan olduğumuzu eşidən zaman “de ki, işdə yoxdular” deyib və katibə də eyni sözü təkrar edərək dəstəyi asıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil Şöbəsindən saytımıza bildirilib ki, məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər təhsil ocağına dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb, həmçinin hüquq-mühafizə orqanlarına məlumat verilib.

Zaira Akifqızı
Globalinfo.az