
12:40
FHN Bakıda son 4-5 ildə tikilən yaşayış və qeyri-yaşayış binalarında təcili yoxlamalara başlamalıdır. Seysmoloji Mərkəzin direktorunun açıqladığı qorxunc fakt mütləq yoxlanmalıdır. “8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən hesablanmış normativlərə görə, 40 faiz əlavə vəsait qoyulmalıdır”.
Bunu mediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, xüsusi dəmir-beton kolonların, armaturların, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır: “Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər”.
Bu normativlərə əməl edilmədiyi dövr BŞİH-nin sabiq başçısı Hacıbala Abutalıbovun vəzifədə olduğu illərə təsadüf edir. Bəs bu gün durum necədir? Hazırda şəhərsalma prinsiplərinə, tikinti normativlərinə tam mənası ilə riayət edilirmi?
Qaydalara görə, tikilən binalara bir çox dövlət orqanları, o cümlədən Fövqəladə Hallar Nazirliyi rəy verir. Bildiyimiz qədər tikintidə FHN daha tələbkar mövqedən çıxış edir. Amma iş bununla da bitmir. Tikinti şirkətləri bütün qaydalara əməl edirmi? Tikinti normativləri ən xırda detalına kimi icra olunurmu? Armatur, sement, digər tikinti materialları tələb edilən qaydada, səviyyədədirmi? Yoxsa günün birində, Allah eləməmiş, Bakıda və Abşeronda 7-8 ballıq zəlzələ olarsa, paytaxt və ətraf qəsəbələr yerlə bir olacaq?
Bu sualların cavabını yoxlamalar müəyyən edə bilər. Ölkə əhalisinin, az qala, yarısı Bakıya toplaşıb. Burada tikilən çoxmərtəbəli binaların heç də hamısı normativlərə cavab vermir. Üstəlik, həyət evlərinin hansı keyfiyyətdə tikildiyi məlumdur. Maklerlər Abşeron ərazisində 2-3 sotun içində kürsülü evlər tikib satırlar. Hazırda paytaxta yaxın kənd və qəsəbələrdə belə evlər minlərlədir. Bu evlər tikilərkən heç bir tikinti tələblərinə əməl edilmir. Çoxları zəlzələ zamanı fərdi yaşayış evlərinin daha təhlükəsiz olduğunu deyir. Amma unuduruq ki, təkanlar zamanı divardan düşən 2 daş belə insan həyatını sonlandırır.
Globalinfo.az mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, tikinti mütəxəssislərindən rəylər, şərhlər almağa çalışacaq.
Aydın Aslan
Globalinfo.az