Azərbaycanın sülh və harmoniya məkanı olaraq qalması üçün bu addımlar atılmalıdır…

Azərbaycanın sülh və harmoniya məkanı olaraq qalması üçün bu addımlar atılmalıdır...

Sosial gərginliklər, dini qarşıdurmalar və bu kimi digər neqativ hallar müasir dünyanın aktual məsələlərindəndir. Bütün bunlara baxmayaraq, Azərbaycanda tolerant dəyərlər, başqa dinlərə hörmətlə yanaşma qorunub saxlanılmaqdadır. Bunu ölkəmizdə yaşayan müxtəlif xalqlara münasibətimizdə, onların dini inancına davranışımızda da görmək mümkündür.

Globalinfo.az-a danışan ilahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov Azərbaycanın dini və milli tolerantlıq baxımından dünya miqyasında nümunəvi ölkələrdən biri olduğunu qeyd edib.

O, ölkəmizdə fərqli dinlərə və xalqlara hər zaman hörmətlə yanaşıldığını vurğulayıb:

“Tarixən müxtəlif millətlərin və dinlərin qovşağı olmuş bu torpaq əsrlər boyu sülh və harmoniya şəraitində birgəyaşayışın uğurlu modelini yaradıb. Heç şübhəsiz ki, ölkəmizdə fərqli millətlər və dinlər arasında qarşılıqlı hörmət, eləcə də anlayış mövcuddur ki, bu da milli kimliyimizin mühüm tərkib hissəsidir. Azərbaycan konstitusiyası hər kəsin din və etiqad azadlığını təmin edir. Qanunvericilik çərçivəsində bütün dinlər bərabər hüquqlara malikdir. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmalar – müsəlman, xristian, yəhudi və digər dinlər – heç bir ayrı-seçkiliyə məruz qalmadan öz ibadətlərini həyata keçirirlər. Bu, dövlətin dinlərə qarşı həm ədalətli, həm də neytral münasibətindən irəli gəlir”.

Əkrəm Həsənov deyib ki, Azərbaycanda milli və dini tolerantlığın əsasında cəmiyyətin tarixi təcrübəsi və dövlətin bu istiqamətdə apardığı məqsədyönlü siyasət dayanır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Multikulturalizm ili” və “İslam Həmrəyliyi ili” kimi təşəbbüslər ölkəmizin bu sahədəki nüfuzunu daha da artırıb. Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumları, eləcə də müxtəlif beynəlxalq tədbirlər Azərbaycanın dünyaya sülh və tolerantlıq mesajını çatdırdığını göstərir. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlardan biri də müxtəlif dini və milli icmalar arasında mədəni və sosial əlaqələrin inkişaf etdirilməsidir. Ölkəmizdə yəhudi icması ilə müsəlman icmasının mehriban münasibətləri, pravoslav və katolik kilsələrinin dövlət tərəfindən dəstəklənməsi buna bariz nümunədir. Bakıda fəaliyyət göstərən yəhudi sinaqoqları, həm də xristian kilsələri ölkəmizin dini tolerantlıq sahəsindəki uğurlarını təsdiqləyir”.

Azərbaycanın sülh və harmoniya məkanı olaraq qalması üçün bu addımlar atılmalıdır...

Əkrəm Həsənov

İlahiyyatçının fikrincə, münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir neçə vacib addım atmaq olar:

“Birincisi, dini və milli məsələlərlə bağlı təhsil və maarifləndirmə işlərini genişləndirməkdir. Gənclərin tolerantlıq, multikulturalizm prinsiplərini mənimsəməsi üçün həm məktəblərdə, həm də ali təhsil müəssisələrində bu mövzular üzrə dərslər keçmək vacibdir. İkincisi, müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında mədəni tədbirlərin, elmi müzakirələrin, eyni zamanda dialoqların təşkil edilməsi lazımdır. Bu tədbirlər birgəyaşayışın üstünlüklərini önə çıxararaq, cəmiyyətdəki birliyi möhkəmləndirir. Üçüncüsü, medianın bu mövzuda rolu böyükdür. Dini və milli tolerantlıqla bağlı müsbət nümunələr, uğurlu təcrübələr geniş şəkildə işıqlandırılmalıdır. Bu, digər ölkələrə də Azərbaycan modelini təqdim etmək baxımından əhəmiyyətlidir. Dördüncüsü, müxtəlif mədəni irslərin qorunması və təbliği də tolerantlıq dəyərlərinin yayılmasında mühüm rol oynayır. Azərbaycanın Şuşa şəhərində erməni vandalizminin izlərini aradan qaldıraraq mədəni irsi bərpa etməsi bunun bariz nümunəsidir”.

Əkrəm Həsənovun dediklərinə görə, Azərbaycanın təcrübəsi onu göstərir ki, tolerantlıq yalnız hüquqi və siyasi tədbirlərlə deyil, eyni zamanda cəmiyyətin daxili mədəniyyəti ilə də bağlıdır:

“Burada hər bir vətəndaşın rolu var. Hər kəs öz gündəlik davranışında hörmət və anlayış nümayiş etdirməli, fərqli inanclara, fərqli millətlərə qarşı dözümlü olmalıdır. Beləliklə, Azərbaycanın dini və milli tolerantlıq modeli dünyaya bir nümunədir. Bu modelin əsasını qarşılıqlı hörmət, dövlətin dəstəyi və cəmiyyətin mövcud dəyərlərə sadiqliyi təşkil edir. Gələcəkdə həmin dəyərləri daha da möhkəmləndirərək, Azərbaycanın sülh və harmoniya məkanı olaraq qalması üçün səylərimizi artırmalıyıq”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Zaira Akifqızı
Globalinfo.az

Azərbaycanın sülh və harmoniya məkanı olaraq qalması üçün bu addımlar atılmalıdır...