Zelzele azerbaycan 1111

“Zəlzələlər yer qabığında baş verən mürəkkəb geodinamik proseslərin nəticəsidir. Bu zaman tektonik blokların hərəkəti, süxurların sıxılması və gərginliyin toplanması baş verir. Tektonik qırılmalar boyunca deformasiya və parçalanma prosesləri gedir. Müəyyən kritik həddə çatdıqda isə toplanmış enerji ani şəkildə azad olur və nəticədə zəlzələ baş verir”.

Bu sözləri Globalinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Qəbələdə baş verən və Azərbaycanın bir sıra şəhər və rayonlarında hiss edilən zəlzələ haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qəbələdə qeydə alınan son zəlzələnin ocağı təxminən 39 kilometr dərinlikdə yerləşdiyindən, onun təsiri geniş əraziyə yayılıb:

“Məhz buna görə də yeraltı təkanlar ətraf rayonların bir çoxunda müxtəlif intensivlikdə hiss olunub. Hazırkı vəziyyətdə daha yüksək maqnitudalı və ya daha güclü balla qiymətləndirilən zəlzələnin baş verəcəyini söyləmək üçün əsas yoxdur. Adətən belə hadisələrdən sonra afterşoklar, yəni təkrar yeraltı təkanlar müşahidə olunur. Bu təkanlar isə əksər hallarda əsas zəlzələdən daha zəif olur və zaman keçdikcə onların sayı və gücü azalır”.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, zəlzələ Oğuz, Ağdaş, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Şəki, Xankəndi və başqa ərazilərdə hiss edilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib ki, zəlzələ əsasən Qəbələ rayonunda qeydə alınıb. 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: