Azərbaycanda onlayn dələduzluq: insanlar minlərlə manat itirdi

Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb.

Globalinfo.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas qeyd edib. O bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var:

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi.

Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”, – deyə o yazıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.

O, vətəndaşların daha çox məlumatlandırılmalı olduğunu vurğulayıb.

“Kimsə “yüksək faizli qazanc”dan faydalanmayıb. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”, – deyə E.  Hacıyev deyib.