Müasir dövrdə cəmiyyətlərin əsas problemlərdən biri də qumar asılılığıdır. Bu məsələ ən azı içki və narkotik aludəçiliyi qədər ciddi ictimai bəla hesab olunur.
Xüsusilə gənclər arasında bu bəlaya meyillilik hallarının çoxalması, qumar bocu səbəbi ilə qeydə alınan ölüm halları narahatlıq doğurur.
Bu problemin qarşısını almaq, insanları çəkindirmək üçün nə kimi tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, aidiyyəti qurumlar narkomaniya ilə mübarizə apardığı kimi, insanlar da birləşərək, pis vərdişlərə qarşı durmalıdırlar:
Aqil Abbas
“Bu mübarizəni aparmaq xalqın da borcudur. Düzü, Azərbaycanda rəsmi qumar evlərinin olduğuna dair məlumatım yoxdur. Lakin bildiyim bir şey var ki, insanlar futbol qumarına qurşanıblar. Bu adamlar isə külli miqdarda pullar uduzurlar. Nəticədə ya müflis olurlar, ya da intihar edirlər. Təsəvvür edin, futbol qumarını hətta televiziyada reklam edirlər. Bu bəla bütün dünyada var. Elə bizə də digər ölkələrdən gəldi. İndi də qarşısını almaq mümkün deyil”.
Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, əslində insanları zamanla qumara alışdırdılar:
“Qumar oyunları geniş şəkildə reklam olunduğu üçün məsələ bu həddə çatıb. Televiziyalarda futbol hesablarının verilməsi reklam edildi, ictimai nəqliyyatlarda plakatlar yapışdırıldı və s. Beləliklə bu tip oyunları sıradanlaşdırdılar. Ona görə də insanlar qorxu hiss etmədən buna öyrəşirlər. Məsələn, adam hesab verir, amma onun qumar olduğunu anlamır. Uduzduqca, hər gün davam edir ki, bəlkə bir dəfə qazanar. Lakin yavaş-yavaş bataqlığa sürükləndiyinin fərqində olmur. Bu gün öz məvacibini, sabah evdəkilərin pulunu, digər günlər evin əşyalarını satıb əlindəki məbləği qumara yatırırlar. Belə məsələlərdə mütləq peşəkar yardım almaq şərtdir. Çünki insan özü-özünün xəstə olduğunun dərk etmir”.
Lalə Mehralı
Sosioloq qumardan qurtulmaq üçün ailə dəstəyinə ehtiyac duyulduğunu qeyd edib:
“Bəzən bizdə belə bir fikir formalaşır ki, kimsə kiməsə qumar məsələsində təsir edə bilməz. Amma fikrimcə, ailə üzvləri onlara kömək edə bilər. Yalnız bir şərtlə ki, qarşı tərəf yardım almağa açıq olsun. Bu gün bir adam qumara 5 manat yatırırsa, sabah məbləğ 55 olur və belə-belə davam edir. Fikir verin, getdikcə məbləğ çoxalır, gəlir olmur. Bəzən isə aldadıcı uduşlar əldə edir. Məsələn, 5 manat müqabilində 2 manat udur. Bu isə təsadüf hallarda baş verir. Pis əməllərin qarşısını almaq üçün leqal oyunların fəaliyyətinə məhdudiyyət qoyulmalıdır. Çünki hər hansı gənc küçədə belə bir ofisin olduğunu görür və düşünür ki, qadağan edilməyibsə, deməli, ziyanlı deyil. Ora gedən isə bataqlığa girmiş sayılır. Bu gün futbola və digər oyunlara pul yatıran, sabah başqa qumar növlərinə meyil edir. İlk növbədə belə oyunların qarşısı alınmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az