“Azərbaycanda bu iki qüvvə arasında dərin uçurum yaratmaq istəyirlər” – Arzuman Abdulkərimov

“Azərbaycanda bu iki qüvvə arasında dərin uçurum yaratmaq istəyirlər” - Arzuman Abdulkərimov

“Bu il həm növbədənkənar prezident, həm də parlament seçkiləri baş tutdu. Hər iki seçki yeni dövrün tələblərinə uyğun olaraq reallaşdı. Parlament seçkiləri konstitusiyaya əsasən noyabr ayında keçirilməli idi. Lakin COP29 sammitinə görə müddət bir neçə ay önə çəkildi”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Arzuman Abdulkərimov deyib.

Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror əməliyyatından sonra bütün Azərbaycan ərazisində keçirilən ilk seçkilər idi:

“Dekabr ayında da bələdiyyə seçkilərinin keçirilməsi gözləniləndir. Yeni seçilmiş parlamentin üzərində növbəti mərhələ üçün böyük məsuliyyət var. Prezident İlham Əliyev parlamentdə çıxışı zamanı olduqсa mühüm məsələlərə diqqət çəkdi. Onlardan biri də Azərbaycanı xaricdən təhdid edən bəzi beynəlxalq güclərin bu kimi məsələlərdə çox aktivləşməsidir. Vətən müharibəsindən sonra belə basqıların, təzyiqlərin baş verəcəyi gözlənilən idi. Bu gün Azərbaycanda müxalifət və iqtidar arasında ciddi uçurumlar olmasa da bunu dərinləşdirməyə çalışan qüvvələr var”.

Arzuman Abdulkərimovun fikrincə, növbəti mərhələdə parlamentin üzərinə ciddi öhdəliklər düşəcək:

“Millət vəkillərinin əksəriyyəti savad və təcrübələri ilə bu vəzifələrin öhdəsindən gələcəklər. Son zamanlar cəmiyyətdə belə bir fikir formalaşıb ki, niyə yaşlı adamlar Milli Məclisdə təmsil olunurlar? Bu yanlış yanaşmadır. Çünki yaşlı kadrların təcrübəsi çoxdur və bundan müsbət istiqamətdə istifadə etməyə çalışmalıdırlar. Dəfələrlə yaxşı universitetlərdə təhsil almış, bir neçə xarici dil bilən millət vəkillərinin çıxışlarının ictimaiyyət tərəfindən qəbul edilmədiyinin, düzgün qarşılanmadığının şahidi olmuşuq. Yaşlı insanların həm parlamentar, həm də həyat təcrübəsi var. Sağlamlığı imkan verdiyi müddətdə kifayət qədər yaşı olmasına baxmayaraq təcrübəsi olan şəxslərin Milli Məclisdə təmsil olunması lazımdır”.

A.Abdulkərimov qeyd edib ki, icra hakimiyyəti strukturlarının təyinatlarında yanaşmalar fərqlidir:

“Burada nisbətən gənc kadrlara üstünlük verilir. “Köhnə qvardiya”nın parlamentə gətirilməsi parlamentin perspektivdə daha ciddi mübarizəyə daxil olacağından xəbər verir. Xaricdən gələn təhdidlərin qarşısında durmaq üçün həmin şəxslərin təcrübəsinə ehtiyac var. Əli Əhmədov, Mübariz Qurbanlı və digərləri çox təcrübəlidirlər. Eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında onların müstəsna xidmətləri olub. Dövlətçilik yanaşması, təfəkkürü də bu insanlarda daha çox inkişaf edib”.

Safura Bənnayeva
Globalinfo.az