Azərbaycan Xankəndiyə yaxınlaşır: Xocalıdakı danışıqların motivi bəlli oldu

“Azərbaycan Xankəndi, Xocalı üzərində suveren hüquqlarını mərhələ-mərhələ bərqərar edir və Rusiya sülhməramlı kontingentinin komandanlığına öz yerini göstərir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Xocalıda müzakirələri davam etdirməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, son bir həftə ərzində Gorus-Xankəndi yolunda Azərbaycan rəsmi nümayəndələrinin yerli jurnalistlərin və hərbçilərimizin müşayiəti ilə peyda olması sülhməramlıların müvəqqəti məsuliyyət zonasına dair baxışları praktiki olaraq yerindən oynatdı:

“Azərbaycan tərəfi 10 noyabrdan sonra daim Xankəndi, Ağdərə, Xocalı və digər ərazilərdə olub, lakin müəyyən səbəblərdən və təhlükəsizlik qayğılarından dolayı bu, açıqlanmayıb. Bu dəfə isə aşkar şəkildə, xəbərdarlıq etmədən sülhməramlıların xidmət etdiyi zonaya daxil olur, çünki Bakı onların bəzi fəaliyyətlərində zinhara gəlmişdi.

Azərbaycan ərazilərindəki təbii sərvətləri yağmalamaq Bakının xoşuna gələ bilməzdi və bu, qırmızı xətlərdən birinin keçilməsi idi.

Bu gün Xocalıya yola düşən Azərbaycan rəsmi qurumlarının siyahısına baxanda görürük ki, sülhməramlıların komandanı ilə əmlakların siyahısının, təbii sərvətlərin həcminin dəqiqləşdirilməsi əsas müzakirə mövzusu olacaq. Bu, məsələnin iqtisadi aspektidir, bunun hansı hərbi-siyasi nəticələr doğuracağı barədə də proqnozlar səsləndirmək olar.

Azərbaycan ərazilərində müvəqqəti xidmət aparan sülhməramlıların naryad zonasındakı əmlakların qeydə alınması, təbii sərvətlərin çıxdığı əraziləri müəyyənləşdirən xəritələrin hazırlanması Bakını Xankəndiyə bir neçə addım da yaxınlaşdırır”.

Turan Rzayev
Globainfo.az