BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.
Bu görüşdə hansı məsələlərin müzakirəsi gözləniləndir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Rizvan Hüseynov deyib ki, mövcud vəziyyətdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması dalana dirənib:
“Azərbaycan, Ermənistan və Türkiyə arasında sərhədlərin, yolların, kommunikasiyaların açılması ilə bağlı danışıqlar gedir. Bu fonda görüşlər də davam edir. Lakin birmənalı olaraq Ermənistan-Türkiyə sərhədlərinin açılması rəsmi Ankaranın təbirincə desək, Bakı və İrəvan arasındakı razılaşmadan asılıdır. Yəni Ermənistan və Azərbaycan arasında sülh istiqamətində əsas addımlar atılarsa, ardınca Ankara və İrəvan təmasları başlayacaq və mövcud problemlər artıq öz həllini tapacaq”.
Rizvan Hüseynov
Politoloqun sözlərinə görə, Ermənistan sülh prosesinə böyük zərbə vurur:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən görüşlərdə də məhz bunun səbəbini aydınlaşdırmağa çalışacaq. Bunun ardınca, həmin problemlərin aradan qaldırılması, mümkün qədər tez zamanda sülh müqaviləsinin imzalanmasına çalışacaq, həll yolları axtaracaqlar”.
Safura Bənnayeva
Globalinfo.az