Aygün Bəylərin cənazəsini Bakıya gətirən təyyarə yola düşdü – YENİLƏNİB

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Heydər Əliyev Fondunun təyyarəsi ilə yerli vaxtla 14:00-da Ankaradan Bakıya yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın Türkiyə müxbirinin sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazə bütün zəruri sənədləşdirmə işləri yekunlaşdırılaraq xüsusi təyyarə ilə yola salınıb.

***12:37

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.

Globalinfo.az bildirir ki, bu barədə  Mədəniyyət Nazirliyindən məlumat veriblər.

Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: “Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətirləcək”.

APA-nın əldə etdiyi xəbərə görə, sözügedən reys Ankaradan 12:50-də qalxacaq.

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.

***11:02

Əməkdar artist Aygün Bəylərin nəşinin bu gün saat 16:00-da Bakıya gətiriləcəyi gözlənilir.

Bu barədə Globalinfo.az-a sənətkarın yaxınları məlumat verib.

“Aygünün nəşinin Filarmoniyadan götürüləcəyinə dair məlumat yayılıb, amma bu, dəqiq deyil. Bununla bağlı Mədəniyyət Nazirliyi qərar verməlidir”, – deyə bildirilib.

Qeyd edək ki, Əməkdar artist Aygün Hümbətova (Bəylər) dünən axşam saatlarında Türkiyədə müalicə aldığı xəstəxanada 48 yaşında vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az