
“Associated Press” jurnalistlərinə Ağ Ev və ABŞ Prezidentinin təyyarəsinə giriş qadağan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Teylor Badoviç sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, AP jurnalistləri Donald Trampın Amerika körfəzinin adının dəyişdirilməsi ilə bağlı tapşırığına məhəl qoymamaları səbəbindən bu qadağa ilə üzləşiblər. Bundan başqa, onlar “nifaq salmaq” və “dezinformasiya yaymaqda” ittiham olunurlar.
Qeyd olunub ki, sözügedən media nümayəndələrinin buraxılış vərəqələri özlərində saxlanılıb, lakin onlar Ağ Evdə keçirilən mətbuat konfransına buraxılmayıblar.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmədən sonra Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi barədə qərar verib və bunu körfəzin ABŞ iqtisadiyyatı üçün əhəmiyyətli olması ilə əlaqələndirib.
“Associated Press” isə bu qərarın yalnız ABŞ-da keçərli olduğunu bildirib və dünya miqyasında tanınan bir xəbər agentliyi olduğu üçün daha oxunaqlı və daha rahat tapılan xəbər paylaşılması baxımından yazılarında körfəzi köhnə adı ilə təqdim edib.
Aysel Əliyeva
Globalinfo.az