Aqşin və Hüseynə hərbi ekspertdən sərt sözlər – “Çox dərinə getməsinlər”

Aqşin və Hüseynə hərbi ekspertdən sərt sözlər – “Çox dərinə getməsinlər”

Bir neçə gün öncə Azərbaycana qaytarılan əsirlərin sosial platformalarda bu qədər erkən bir zamanda ciddi aktivliyi diqqət çəkib. Onlardan Hüseyn Axundovun “TikTok” şəbəkəsində canlı yayımlara qoşulması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Daha öncə Dilqəm Əsgərov və Şahbaz Quliyev də əsirlikdən döndükdən sonra bir müddət mətbuatda aktiv çıxışlar etmiş, bir vaxt sonra isə aralarında ciddi gərginlik yaranmış, cəmiyyətdə onlar haqqında fikir dəyişmişdi.

Bu baxımdan Aqşin və Hüseynin gərgin əsirlik müddətindən sonra cəmiyyətə tam inteqrasiyasından əvvəl hər hansı prosesdən keçirilmələsinə ehtiyac varmı?

Ümumiyyətlə, iki azərbaycanlı hərbçi əsirlikdən ölkəyə qaytarıldıqdan sonra hər hansı yoxlanışdan keçmələri şərt idi?

Aqşin və Hüseynə hərbi ekspertdən sərt sözlər – “Çox dərinə getməsinlər”

Ədalət Verdiyev

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, əsirlikdən qayıdan əsgərlərimiz bu gün Ali Baş Komandanın insan həyatına verdiyi dəyərə görə ailələrin yanındadılar.

O bildirib ki, ömürlük həbsə məhkum olunan birinin azad olunması o qədər də asan məsələ deyildi:

“Amma digər əsgərimiz cəmi 11 il 6 ay həbs cəzası almışdı. Təbii ki, bunlar müəyyən suallar yaradır. Hər bir halda hazırda bir qəhrəmanlaşdırma prosesini izləməkdəyik. Hesab edirəm, bu, bizim nə gündəmimizə, nə də mövcud şəraitə uyğundur. Ən azından həmin əsgərlər Naxçıvanda xidmət edən onminlərlə əsgər arasından yolunu azan tək iki nəfərdirlər. Yəni əgər həmin yer yol azmaq üçün şərait yaradırdısa, niyə digər əsgərlər azmadı? Biz əsgərlərin azad olunmasına sevinə bilərik, lakin onların silahlarının harada olmasına dair sual vermirik. Əsgərlərimiz silahlarını düşmənə təslim edib, həbs olunublar”.

Hərbi ekspert Aqşin Bəbirovla Hüseyn Axundovu keçmiş əsirlərlə müqayisə edib:

“Azərbaycan ordusunun 8 hərbi qulluqçusunun 1997-ci ildə düşmənə əsir düşməmək, düşmən əlində olmamaq üçün özünü partlatmasına dair bir qəhrəmanlıq nümunəsi var. Dünya tarixinə yazıla biləcək bir qəhrəmanlıq nümunəsi! Həmin şəxslər şəhid oldular. Aralarında bir tək Aqil Əhmədov sağdır və o, özünü bu gün çox təmkinli, intizamlı şəkildə aparır. Amma bu əsgərlər azıb keçiblər, silahı da düşmənə təslim ediblər, cənab Prezidentin sayəsində geri qaytarılıblar. Lakin geri qaytarılma zamanı Ali Baş Komandanına təşəkkür belə etmədilər. Mən bunu efirdən səsləndirdikdən sonra biriləri bunu onların yadına saldı, deyəsən”.

Ə.Verdiyev deyib ki, hər bir halda özbaşına olaraq və ya azaraq ərazimizdən, zolağımızdan çıxıb 40 kilometr Ermənistanın daxilinə, Qafana qədər gedib çıxan əsgərin həbsi və ya azad olunması bizim gündəmimiz deyil:

“Bu gün biz Qarabağa Böyük Qayıdış Proqramı həyata keçiririk, Xankəndidə futbol matçı təşkil olunur, Ali Baş Komandan Şuşada, Xocalıda və digər ərazilərdə yeni layihələrin təməlini qoyur. Ona görə də, hesab edirəm, biz əsirlərin məsələsində bir qədər təmkinli, tərbiyəli, real işlərlə məşğul olmalıyıq. Bu kimi hallar ictimaiyyəti çox narahat edir. Çünki həmin əsgərlərin komandirləri arasında çox sərt cəzalananlar var”.

Aqşin və Hüseynə hərbi ekspertdən sərt sözlər – “Çox dərinə getməsinlər”

Müsahibimizin Aqşin və Hüseynin xidməti ilə yaxından tanış olduğunu bildirib:

“Onlar dəfələrlə hauptvaxtda yatıblar, intizamsız olduqlarına görə xidmət yerləri dəyişdirilib, dəfələrlə komandirlərinin əmr və göstərişlərini yerinə yetirməməyə cəhd göstəriblər. Həmin əsgərlər əgər yolunu azmışdılarsa, nədən 40 kilometr irəliyə qədər getdilər? Biri 40 kilometrdən sonra həbs olundu. Niyə onlar həbs olunanda heç bir müqavimət göstərmədilər?! Ehtiyatlı olsunlar, bu məsələlər həssas məsələlərdir, çox dərinə getməsinlər. Dövlətimiz sağ olsun ki, onları qaytardı. Əslində, normalda əsirlikdən, məhbusluqdan, düşmən ölkədən qayıdan insanlar bir neçə ay filtrasiyadan keçirilməli, dəqiq yoxlanılmalı idilər. Amma bunu da etmədik. Ona görə ki, biri bunu anlasa da, digəri anlamaya bilər.

Hər bir halda, onların bugünkü davranışları və valideynlərinin oğlunun yanına qız gətirilməsi ilə bağlı açıqlamaları çox absurd açıqlamadır. Belə şeylərə yol vermək olmaz”.

Zaira Akifqızı
Globalinfo.az