Aqil Abbas bu nazirlikləri rayonlara köçürməyi təklif etdi

Sosial şəbəkələrdə bir neçə dövlət qurumuna tikilən yeni ofislərlə bağlı ciddi tənqidlər və narazılıqlar var. Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Kənd Təsərrüfatı Nazirliyinin binası və digərlərinə gərək olmadığını, belə təmtəraqlı binalardansa daha yığcam ofislərlə kifayətlənməyin zəruriliyin bildirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, işçi sayı çox olduğundan qurumlar üçün yeni ofislər tikilir.

O, bir çox nazirliklərin rayonlara köçürülməsinin tərəfdarı olduğunu bildirib:

“Məsələn, Gömrük Komitəsinin binası çox balaca idi deyə, onu məcbur qalıb daha böyük ofisə köçürməli oldular. Lakin Kənd Təsərrüfatı Nazirliyini Bakı şəhərində tikmək lazım deyildi. Təsərrüfatla bağlı ofislər Ağdamda, Gəncədə və ya digər rayonlarımızdan birində tikilməlidir. Bakıda bəyəm kənd təsərrüfatı var?! Ümumiyyətlə, bir çox nazirliklər, qurumlar regionlara köçürülməlidir. Su təsərrüfatı, kənd təsərrüfatı, tikinti şirkətləri daha çox rayonlarda yerləşməlidirlər. Necə ki, universitetləri köçürməyi planlaşdırırlar, elə də digər nazirlikləri köçürməyi planlaşdırmaq lazımdır. İqtisadi baxımdan buna imkanımız da çatır”.

Deputat deyib ki, sovet dönəmində nazirliklər Hökumət Evində yerləşib:

“Ölkəmiz dəyişdi, iqtisadiyyatımız gücləndi, işçi sayı artdı deyə Hökumət Evinə sığışmaq olmadı. Bu səbəbdən də məcbur qalıb yeni binalar tikməyə başladılar. Bilirsiniz, ölkəmizə xaricdən gələn mütəxəssislər, iş adamları var. Onlar gəlib adamın geyiminə, ofisin harada yerləşməsinə baxırlar. Ona görə də, hər şeyin yaxşısını istəyirik. Nazirlik hin kimi yerdə yerləşsə kimdir orada işləmək istəyən? Bunu da nəzərə almaq lazımdır. Bu gün xaricdən gələn elə general var ki, polkovniklə eyni otaqda əyləşmək istəmir. Nazirliklər istəyirlər ki, gələn qonaqları rahat qarşılaya bilsinlər. Burada pis heç nə yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az