“Azərbaycan və Ermənistan liderləri arasında İspaniyanın Qranada şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə görüşün keçirilməsi avqust ayında planlaşdırılmışdı. Azərbaycan antiterror əməliyyatından sonra yeni siyasi şərtlər formalaşıb. Ona görə də belə bir görüş əvvəlki formatda deyil, yeni bir proseslə aparılmalıdır. Danışıqlar masasında Türkiyə də təmsil olunmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, antiterror əməliyyatından əvvəl mövcud olan müzakirələr hazırda qüvvədən düşüb:
“Ona görə də Azərbaycan yeni şərtlərlə danışıqlara hazırdır. Amma Ermənistan, Fransa və Almaniya rəhbərliyi əvvəlki şərtlərlə bu danışıqlara qatılacaqdı.
Fransa və Almaniya ermənipərəst siyasət ortaya qoyduğu üçün Prezident İlham Əliyevin belə bir görüşdən imtina etməsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkənin siyasi mövqeyini gücləndirir. Bundan sonra Azərbaycan Ermənistanla danışıqlarda üçüncü tərəfin iştirakını qəbul etməməli, yalnız Ermənistanla birbaşa danışıqlara hazır olduğunu vurğulamalıdır.
Qarabağ problemi həll olunub, Azərbaycan suverenliyini bərpa edib. Sülh müqaviləsinin bağlanması Ermənistana daha çox lazımdır.
Əgər müəyyən formatlarda danışıqlar olacaqsa, Türkiyə də orada təmsil olunmalıdır. Mövcud siyasi konyuktura Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasına tələsməməlidir. Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, Tiflisdə ikitərəfli danışıqlar aparıla bilər”.
Turan Rzayev
Globalinfo.az














