Növbəti Brüssel görüşündə iki əsas məsələ müzakirə ediləcək – Şərh

ABŞ dövlət departamentinin sözçüsü Ned Prays bildirib ki, Ağ Ev üçtərəfli görüşlə bağlı Azərbaycana və Ermənistana təklif göndərib.

Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır.

“Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq” N. Prays deyib.

Diqqətçəkən məqam isə budur ki, N.Prays daha əvvəl söyləmişdi ki, yaxın günlərdə Brüsseldə ABŞ, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.

Maraqlıdır, həqiqətən də Brüsseldə ABŞ, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli görüş baş tuta bilər? Rəsmi Bakı Fransandan fərqli olaraq ABŞ-ın moderatorluğuna razıdırmı?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin dekabrında baş tutmuşdu:

Kənan Novruzov

“Həmin müzakirələrdə Azərbaycan tərəfinin maraqları təmin edilmişdi. Yəni danışıqlar rəsmi Bakının üstünlüyü ilə başa çatmışdı. Cənubi Qafqazda Rusiya və Qərb arasında mübarizə gedir. Bu mənada ABŞ-ın, Avropa İttifaqının təşəbbüsləri əsassız deyil. Onlar vasitəçilik missiyasında üstünlüyü ələ almağa çalışırlar.

Əslində Azərbaycan üçün Brüssel formatını daha uyğun hesab etmək olar. Çünki məhz bu format nəticəsində Ermənistanla yekun sülh müqaviləsi istiqamətində müəyyən addımlar atılıb. Hərçənd unutmaq olmaz ki, Fransa Avropa İttifaqının lokomotividir. Və bu dövlətin Azərbaycan həqiqətlərinə münasibəti məlumdur.

O ki qaldı Praysın anonsonu verdiyi görüşə, hələlik tarixi bəlli deyil. Yəqin ki, belə bir görüş baş tutacaq. Bakı və İrəvanın bu təklifdən imtina edəcəkləri inandırıcı görünmür”.

Ekspertin sözlərinə görə, ehtimal edilən görüşdə müzakirə oluna biləcək 2 əsas məsələ var:

“Bunlardan birincisi Laçın yolundakı durumdur. Yəqin Azərbaycan tərəfi aksiya iştirakçılarının haqlı tələblərini bir daha diqqətə çatdıracaq və aksiyaların legitim olduğunu bildirəcəklər. Bundan fərqli olaraq, Ermənistanın yenə də məkrli mövqe ortaya qoyması gözləniləndir. Rəsmi Bakı İrəvanın bu cür bəyanatlarına hazır olmalıdır.

İkinci müzakirə olunacaq məsələ, çox güman, Avropa İttifaqının Ermənistana yerləşmiş mülki missiyasının fəaliyyəti olacaq. Azərbaycan bu məsələ ilə bağlı da konkret mövqe oraya qoymalıdır. Aİ-nin diqqətinə çatdırılmalıdır ki, mülki missiyanın fəaliyyətinin mahiyyəti ancaq sülh quruculuğu prosesinə dəstəkdən ibarət olmalıdır. Əks halda etimad mühitinə zərbə vurula bilər.

Aİ Minsk Qrupunun taleyini yaşamaq istəmirsə, şübhəsiz ki, tarixi təcrübədən dərs çıxarmalıdır. Həm Vaşinqton, həm də Brüssel başa düşməlidir ki, biz sülh adı altında oynanılan oyunlara toxuq.
Anonsu verilən görüşdə, həmçinin sülh perspektivi müzakirə oluna bilər. Bütün hallarda görüşüb uğurlu keçəcəyini düşünmək olar”.

Turan Rzayev
Globalinfo.az