Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ermənistan-Türkiyə sərhədində iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında gizli görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, “Hraparak” iki ölkənin nazir müavinləri və rəsmi nümayəndələri arasında danışıqların bir neçə saat davam etdiyini yazıb.
Məlumata görə, görüş zamanı Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə edilib. Yolun Ermənistandan buraxılış məntəqəsi məhz danışıqların baş tutduğu Şirak vilayətinin Axurik kəndindəndir. Bura ilə dəmir yolunun Türkiyədəki buraxılış məntəqəsi arasında 1,5 kilometr məsafə var.
Hələ Türkiyə ilə Ermənistan arasında yollar bağlanmadan öncə sərhəd-keçid məntəqəsinin olduğu bildirilir. Açılması nəzərdə tutuluan Gümrü-Qars dəmir yolu ilə illər öncə həm sərnişin, həm də yük daşımaları həyata keçirilib. Ermənistanın şimal-qərbində yerləşən keçid məntəqəsi 1993-cü ilə kimi fəaliyyət göstərib,Türkiyə sərhədi bağlayıb.
Axurik kəndinin inzibati rəhbəri Marzpet Sərkisyan ona heç bir tapşırığın verilmədiyini deyib:
“Kənd sərhəddən 2 kilometr məsafədə yerləşir. Mənə görüş barədə heç nə deyilməyib və dəmir yolu ilə bağlı da tapşırıq verilməyib. Yol kəndimizdən keçir, amma burada dayanacaq yoxdur, sadəcə xətlər var”.
Serj Sərkisyanın prezidentliyi dövründə Türkiyə ilə münasibətlərin “futbol diplomatiyası” ilə normallaşması prosesinə start veriləndə İrəvan hökuməti həmin dəmir yolunu təmir erməyi planlaşdırıb. Hətta Axurik kəndində təmir işləri görülüb. Lakin Sərkisyanın təşəbbüsləri nəticə verməyib.
Qeyd edək ki, bir neçə ay əvvəl Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin rəsmi təmsilçisi Serdar Kılıçının rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşündən sonra regional tələblərə uyğun olaraq sərhədlərin açılması üçün texniki ehtiyacların qiymətləndirilməsi barədə razılıq əldə olunmuşdu. Hətta diplomatik pasporta sahib olanlar üçün sərhədlərin açılması razılaşdırılsa da, bu məsələ sadəcə kağız üzərində qalıb.
Ayşən Mustafa
Globalinfo.az