Altun: “Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanında olub”

Ermənilərin işğal etdiyi ərazilərdə 30 il ərzində böyük acılar yaşadılıb, bəşəriyyətə qarşı cinayətlər törədilib, tarixi, dini və mədəni irs məhv edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fahrettin Altun Ankarada keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan qədim vətən” adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, ermənilər Xocalıda böyük soyqırım törədib.

“Onlar sadəcə 613 qardaş-bacımızı şəhid etmədilər, həm də orada öz insanlıqlarını itirdilər. Erməni dəstələri 30 il ərzində zülmlərini davam etdirdilər. Beynəlxalq hüquqa əməl etmədən, insanlığa qarşı cinayətlərini hamının gözü önündə törətdilər. Ermənistanı dəstəkləyənlər buna ya göz yumdular, ya da Azərbaycana qarşı çıxdılar. Ermənilərdən bundan iştahlanaraq işğalı davam etdirib. Ermənistanın 2020 ildəki təxribatları həddini aşdı və Azərbaycan şanlı bir mübarizəyə başladı. Azərbaycan ordusu bənzəri olmayan qəhrəmanlıq sərgilədi, 44 günlük müharibə zamanı torpaqlar azad edildi, Qarabağda yenidən Azərbaycan bayraqları dalğalandı, azan səsi yayıldı”, – deyə o bildirib.

F. Altun əlavə edib ki, Türkiyə Azərbaycanı haqlı mübarizəsində heç bir zaman tək buraxmayıb. “Liderlərimiz “Bir millət-İki dövlət” şüarı ilə çiyin-çiyinə durub. Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla, bütün türk dünyasının dostluq və qardaşlığının nişanəsi olub”.

Onun sözlərinə görə, siyasi, hərbi sahələrdə dəstəkdən yanaşı, Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanında olub.

“Bu gün görürük ki, bəzi dairələr zəfərimizə kölgə salmağa çalışırlar.

Biz erməni lobbisinin təbliğatına qarşı mübarizə apararaq həqiqəti dünyaya çatdırdıq və bunun nəticəsini gördük. İnformasiya cəbhəsində hələ də mübarizəmiz davam edir. Azərbaycan və Türk milləti ermənilərin Qarabağda törətdiklərini heç bir zaman unutmayacaq”, – deyə o vurğulayıb.

Altun: Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanında olub

Altun: Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanında olub