Avropa İttifaqının xarici işlər üzrə baş sözçüsü Peter Stano “Armenpress” agentliyinə müsahibəsində Azərbaycan-Ermənistan sülh prosesini şərh edib. P.Stano guya Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu diplomatik formada dilə gətirib.
Bu, faktiki olaraq Ermənistan Baş naziri Nikol Paşinyanın tezisinə uyğun açıqlamadır.
Bəzi ekspertlərin fikrincə, Aİ-nin məlum mövqeyi Fransanın rəsmi Bakıya qərəzli yanaşmasından doğur.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Fransa üçün sülh gündəliyi üzrə provokativ diversifikasiya məqbuldur:
“Rəsmi Paris Cənubi Qafqazdakı iddialı gündəliyinə çatmağı hədəfləyir. Əslində, bu, yeni trend deyil, Fransa regional markasını təqdim edir. Lakin Aİ Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı xatırladığı tarixi proseslərə və Zəngəzur dəhlizi kontekstindəki bəyanatlarına cavab vermək missiyası ilə çıxış etmək istəyir. Bu isə Avropa İttifaqının bitərəf vasitəçi olmasını kölgə altına alır və göstərir ki, İttifaq Fransanın gündəliyini əldə rəhbər tutur. Hərçənd Azərbaycan özü belə vaxtilə Avropa İttifaqının etibarlı moderatorluğuna işarələr verib.
Aqşin Kərimov
Lakin Fransanın regional ambisiyaları fonunda Avropa İttifaqının vasitəçilik mozaikası tədricən dağılmağa doğru getdi. İndi də Avropa İttifaqı dağılmış mənzərəsini Ermənistana can yandırmaqla bərpa etmək istəyir, lakin bu, vasitəçi üçün lazım olan bitərəflilik prinsiplərinin kobud şəkildə pozulmasıdır. Belə bir vəziyyət təbii ki, Azərbaycana uyğun deyil”.
Ekspert bildirib ki, Azərbaycanın gündəliyi Ermənistana qarşı ərazi iddiaları kontekstində deyil:
“Azərbaycan strateji müdafiə siyasətini qurmaq üçün Ermənistan üzərində qələbə ruhunu danışıqlardan və şərtlər seriyasından kənarlaşdıra bilməz. İrəvan sülh formatına sadiqdirsə, regional kommunikasiyaların açılmasına, Zəngəzurdan Naxçıvana keçidin dəhliz məntiqi ilə reallaşmasına razılıq verməlidir.
Ermənistan regional konyukturaya uyğun olan açıqlamalarının məntiqi davamını işğalçılıq ritorikasını sonlandıran sənədlərlə rəsmiləşdirməlidir”.
Turan Rzayev
Globalinfo.az