Aİ nümayəndəsinə Bakıda “hökm” çıxarıldı: “Borel cavab verməlidir!”

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi olan Cozep Borel Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib. O, çıxışında “Dağlıq Qarabağ”, “150 min qaçqın” ifadələri işlədib.

C.Borelin Qarabağdan köçənlərlə bağlı səsləndirdiyi rəqəm isə ümumiyyətlə Ermənistan və Rusiya sülhməramlılarının təqdim etdiyi statistikaya uyğun gəlmir. Rəsmi İrəvan Qarabağdan ümumilikdə 100 min civarında şəxsin Ermənistana köçdüyünü iddia edir.

Borelin bu “atəşli”, ittiham dolu çıxışlarının arxasında nə dayanır? Onun qərəzli bəyanatları Avropa İttifaqının Azərbaycanla əlaqələrinə necə təsir göstərə bilər? Xüsusilə İrəvan rəsmilərinin Aİ ilə yaxın münasibətlər qurmağa, üzvlük məsələsini gündəmə gətirməyə çalışdığı bir zamanda Borrelin açıqlamaları nəyə hesab hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Cozep Borelin anti-Azərbaycan mövqeyində çıxışı ilk deyil:

“Biz onun tərəfindən indiyə qədər də dəfələrlə bu cür mövqenin ifadə olunduğunun şahidi olmuşuq. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi olan Cozep Borelin bu cür mövqeyi Avropa İttifaqının sülhü təşviq etmək niyyətində olmadığını bariz şəkildə ortaya qoyur. Onun səsləndirdiyi fikirlər Avropa İttifaqı kimi bir qurumun ali nümayəndəsinin hüquq, qanun, haqq-ədalət, beynəlxalq normalar kimi dəyərləri heçə saymasının ən bariz sübutudur.

Borelin Azərbaycanı təcavüzkar kimi göstərən təxribat xarakterli bəyanatlar səsləndirməsi, yenə də olmayan “Dağlıq Qarabağ”dan və onun xalqından danışması, ölkəmizin güc tətbiqi nəticəsində 150 min erməninin öz evlərini tərk etmək məcburiyyətində qalmasını bəyan etməsi və faktiki olaraq Azərbaycanı etnik təmizləmədə ittiham etməsi, təkcə onun deyil, həm də təmsil etdiyi qurumun ermənilərə alət olduğunu deməyə əsas verir”.

Yusif Bağırzadə

Y.Bağırzadə bu iddiaların əsas məqsədinin başqa olduğunu deyib:

“Təbii ki, səslənən iddialar reallığı əks etdirmir və heç bir halda qəbul edilən deyil. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini, ərazilərini terrorçulardan təmizləməsini hərbi müdaxilə kimi qələmə verən Borel və təmsil etdiyi qurum yaxşı bilirlər ki, Azərbaycan 30 il ərzində işğalçılara qarşı müdafiə olunanda da, ərazilərini işğaldan azad edəndə də, anti-terror tədbirlərini həyata keçirəndə də yalnız öz ərazilərində hərbi əməliyyatlar keçirib, heç bir vaxt başqa bir dövlətin ərazisinə hərbi müdaxilə etməyib. Bunu bilə-bilə faktları təhrif olunmuş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq qərəzdən və ölkəmizi ləkələməkdən başqa bir şey deyil.

Ermənistanın 30 il ərzində Qarabağı və ətrafındakı yeddi rayonu işğal altında saxlamasına, 1 milyona yaxın insanın zorakı şəkildə evlərindən, yurd-yuvalarından qovulmasına səsini çıxarmayan Borel, indi ermənilərin könüllü şəkildə ərazimizi tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verir. Anti-terror tədbirlərindən dərhal sonra regiona səfər edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının müsbət qiymətləndirməsinə və Azərbaycanın yerli əhaliyə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini təsdiqləməsinə baxmayaraq yenə də bu cür mövqenin ifadə olunması ölkəmizə qarşı bilərəkdən və düşünülmüş şəkildə qarayaxma kampaniyası aparıldığını göstərir”.

Politoloq Aİ rəsmisinin Qarabağdan köçənlərin sayı ilə bağlı çıxışına diqqət çəkib:

“150 min qaçqından danışan Borel öz bəyanatlarında yalanın dərəcəsini o qədər artırır ki, hətta ermənilərin şişirdilmiş rəqəmlərindən belə daha böyük rəqəm alınır. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu həm də ölkəmizə qarşı ittihamdır və Borel buna görə mütləq şəkildə cavab verməlidir. Mən hələ ordan-burdan ərazilərimizə gətirilmiş, əksəriyyəti Qarabağdan olmayan ermənilərin qaçqın kimi təqdim olunmasından danışmıram. Onları qaçqın adlandırmaq zamanında Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqları müdafiə olunmamış yüz minlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir”.

Ekspert bu kimi çıxışların əsasən İrəvanla bağlı planlara xidmət etdiyini deyib:

“Aydındır ki, Borelin timsalında Avropa İttifaqının əsas məqsədi Cənubi Qafqazda hansı mövqe əldə etmək istəyindən ibarətdir. Öz məqsədlərini həyata keçirmək üçün Azərbaycanı hədəf almaqla ermənilərdən alət kimi istifadə etməkdə davam edirlər. Avropa Sülh Fondu vasitəsilə Ermənistanın silahlandırılması imkanlarına dair bəyanatlar da, Ermənistanın Avropa İttifaqı üzvlüyü ilə bağlı məsələlərin gündəmə gətiriməsi də rəsmi İrəvanı şirnikləşdirmək cəhdindən başqa bir şey deyil.

Ümumiyyətlə isə baş verənlər sadəcə riyakarlığın, ikili standartların göstəricisidir və bu cür mövqe regionda vəziyyətin gərginləşməsinə xidmət edir. Avropa İttifaqının bu yanlış yoldan çəkilməsi həm özlərinin, həm də Ermənistanın maraqları baxımından çox vacibdir. Azərbaycanla münasibətləri korlayaraq Cənubi Qafqazda hansısa maraqları təmin etmək mümkün deyil. Bunu nə qədər tez etsələr, bir o qədər yaxşı olar”.

Ayşən Mustafa
Globalinfo.az