Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.
Globalinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.
O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:
“Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib”.
F.Santuş istefa barədə düşünmədiyini vurğulayıb:
“Mənim AFFA ilə müqaviləm var. Müqavilə şərtlərinə hörmət edirəm və işimi davam etdirirəm. AFFA düşünərsə ki, Fernandu Santuş uyğun deyil, bu barədə mənimlə danışar”.
O, həmçinin oyunun gedişində sistem dəyişikliyi etməyə çalışdığını, lakin istənilən nəticənin alınmadığını əlavə edib:
“Bu, tək mənim yox, hamının məsuliyyətidir. Azərbaycan millisinin aciz oyun göstərdiyini düşünmürəm. Sadəcə, ikinci qoldan sonra komanda ruhdan düşdü. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticə göstərəcəyik”.
Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.