ABŞ prezidentliyi yolunda Trampın Ukrayna oyunu: Onun əlində Putinə qarşı nə var?

ABŞ-ın qalmqallı keçmiş prezidenti Donald Tramp yenə çıxışında Ukrayna müharibəsindən söz açaraq baş verənlərdə Co Baydeni günahlandırıb. O Ukraynada davam edən müharibəni hakimiyyətə gələn kimi bitirəcəyini iddia edib.

Tramp hakimiyyətdə olduğu müddətdə Putinlə danışdığını, onu Ukrayna ərazisinə müdaxilədən çəkindirməyə çalışdığını bildirib. Keçmiş prezident tez-tez bu kimi çıxışlar etsə də, müharibəni necə dayandıracağına dair detalları açıqlamır.

Bəs keçmiş ABŞ prezidentinin bu çıxışları nəyə hesablanıb? Doğurdanmı o hakimiyyətdə qalsa, müharibə olmayacaqdı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov ABŞ-da dövlət qərarlarının fərqli şəkildə verildiyini bildirib:

“Donald Tramp tez-tez çıxışlarında bu fikirləri səsləndirir. ABŞ dövlət idarəetməsində prezidentin səlahiyyətləri çox olsa da, hər şey onun əlində deyil. Orada bu kimi məsələlərə Konqres və digər strukturlar da müdaxilə edir. ABŞ dövlət idarəetməsində bütün güclərin maraqları nəzərə alınır. Tramp çox şey danışa bilər. Lakin reallıq budur ki, Rusiya-Ukrayna müharibəsi Vaşinqtonun maraqlarına uyğundur, ona görə də buna müdaxilə edir. Hətta Donald Tramp təkrar hakimiyyətə gəlsə belə, bu müharibə yenə davam edəcək”.

Samir Hümbətov 

Politoloq qeyd edib ki, Trampın Ukrayna müharibəsini bitirəcəyi ilə bağlı çıxışlarının məqsaədi başqadır:

“Onun bu kimi çıxışları hakimiyyətə gəlmək üçün bir növ populizm nümunəsidir. Lakin Amerika cəmiyyətinin tələbləri başqadır. Onlar ABŞ hegemoniyasının dünyada qorunmasını istəyirlər. Hələ ki, Co Bayden bunu bacarır. Əgər başqa bir namizəd bunun öhdəsindən gələ biləcəksə, növbəti seçkilərdə səs çoxluğu onda olacaq.

Prezident seçkilərində Trampın namizədliyi iqtisadi maraqlara uyğun gəlir. Lakin Onun hakimiyyətdən getməsinin əsas səbəbi, Rusiya ilə yaxın münasibətlərinin olması idi ki, bu da növbəti seçkilərdə ona çətinlik yaradır. Hətta ilk hakimiyyətə gəldiyi zamanlarda Rusiya seçkilərə müdaxilə etdiyi üçün Trampın qalib gəldiyi iddia olunurdu. Düşünürəm ki, Donald Tramp hər nə qədər populist çıxışlar etsə də, onun altını doldura biləcək heç bir üstünlüyü yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az