ABŞ-ın Azərbaycan və Türkiyə planı – Bir addım irəli, iki addım geri…

“Son dörd aydır ki, Azərbaycana qarşı beynəlxalq səviyyədə təzyiq kampaniyası başladıldı. Fransa və Ermənistanın planlaşdırdığı humanitar yardım şousu bu prosesə ciddi təkan verdi. Bundan başqa, rəsmi Paris məsələni iki dəfə BMT TŞ-ə çıxartdı. Biz burada Fransa və Ermənistanın birgə fəaliyyəti, ABŞ-ın isə üstüörtülü dəstəyinin şahidi olduq”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngindəki diqqətçəkən məqamları və Vaşinqtonun Bakı-Ankara qarşısında geri çəkilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, həm Aİ, həm də ABŞ Azərbaycanın keçirdiyi antiterror tədbirlərinə olduqca qərəzli və qəbuledilməz bəyanatlar səsləndirdi:

Oqtay Qasımov

“Aİ-nın nazirlər kabinetində, parlamentində, Parlament Assambleyasında və digər bəzi qurumlarında qətnamələr, qərarlar qəbul edildi. ABŞ senatorları, dövlət departamenti də Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi. Rəsmi Bakı isə bütün bu təzyiqlərə, bəyanatlara, qətnamələrə səssiz qalmadı və ən yüksək səviyyədə cavab verdi.

Hesab edirəm, ABŞ reallıqları qəbul etməkdə çətinlik çəkirdi. Vaşinqton bu qədər sərt müqavimətlə üzləşəcəyini düşünmürdü. Son 35 il ərzində ABŞ-ın Azərbaycan əleyhinə fəaliyyətini biz yaxşı bilirik. Düzdür, BMT TŞ-da qəbul edilən qətnamələrə ABŞ səs versə də reallıq ondan ibarətdir ki, Qarabağ separatçılarının illərlə ABŞ-a sərbəst gedişi üçün də imkan yaradıldı. Onu da deyim ki, ABŞ belə bir imtiyazı başqa heç bir separatçı quruma verməyib.

Məhz belə bir davranışa vərdiş etmiş ABŞ bu dəfə Azərbaycandan sərt reaksiya gördü. Entoni Blinkenin telefon zəngi il bağlı yayılan məlumatlara da əsaslanaraq demək olar ki, ABŞ geri çəkildi.

Hesab edirəm, ABŞ-ın Cənubi Qafqaz siyasəti indiki məqamda uğurlu deyil. Xüsusilə Ermənistanla əməkdaşlıq Vaşinqtona müsbət heç nə vəd etmir. Əgər ABŞ Cənubi Qafqazda, Yaxın Şərqdə, habelə Mərkəzi Asiyada uğur qazanmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərə diqqət etməlidir”.

Turan Rzayev
Globalinfo.az