FIFA prezidenti Canni İnfantino İran milli futbol komandasının 2026-cı ilin dünya çempionatında iştirak edəcəyini təsdiqləyib. Yığmanın bunun üçün ABŞ-a gedəcəyi də açıqlanıb. Vaşinqton-Tehran qarşıdurması fonunda bu addım xüsusi diqqət çəkir.
İranın çempionatda iştirakına imkan yaradılması və “birlik” mesajının verilməsi Vaşinqtona beynəlxalq ictimaiyyətin mesajı kimi dəyərləndirilə bilərmi? `
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu, təkcə idman hadisəsi deyil, həm də geosiyasi kontekstdə oxunan simvolik addımdır:
“ABŞ-İran münasibətlərinin gərgin fonunda belə bir iştirakın mümkün olması göstərir ki, beynəlxalq idman platformaları hələ də siyasi qarşıdurmaların tam blokada müstəvisinə keçməsinə imkan vermir. Bu mənada İranın turnirdə iştirakı və ev sahibi ölkəyə səfəri müəyyən dairələr tərəfindən “dialoq qapılarının tam bağlanmadığı”na dair dolayı ismarıcdır. Lakin bunu birbaşa Vaşinqtona ünvanlanan koordinasiyalı beynəlxalq siyasi mesaj kimi qiymətləndirmək bir qədər şişirdilmiş yanaşma olardı”.
Züriyə Qarayeva
Politoloq bildirib ki, dünya çempionatı “FIFA”nın idarə etdiyi qlobal idman tədbiridir və iştirak meyarları siyasi deyil, idman nəticələrinə əsaslanır:
“Lakin faktiki olaraq İranın ABŞ-da keçirilən turnirdə yer alması beynəlxalq sistemdə “tam təcrid” siyasətinin hər zaman işləmədiyini göstərir. Bu da dolayısı ilə daha praqmatik, açıq kanallara əsaslanan yanaşmaların üstünlük qazandığını nümayiş etdirir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirakına etiraz etmədiyini bildirib. Tramp bu barədə “Newsmax”a müsahibəsində danışıb. “Canni belə deyibsə, mən etiraz etmirəm”, – deyə o bildirib.
Ləman İmran
Globalinfo.az