rusum 0

Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdan azaldılaraq 25 manat müəyyən edilir.

Globalinfo.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihə qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun həddinin iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması nəzərdə tutur.

Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə əsasən, “əmr icraatı” müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb edilməsi üzrə aşkar və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanan tələblərə tətbiq olunur və bu hallarda məhkəmə əmri verilə bilər.

Məcəllənin 280-ci maddəsinə görə, məhkəmə əmri tələb daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və tərəflər çağırılmadan çıxarılır və özü icra sənədi hesab edilir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan mətninə görə, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1 000 manatadək qiymətləndirilən iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olduqda isə əlavə olaraq iddianın bir faizi miqdarında (məsələn, iddia tələbi 2 000 manat olduqda 40 manat) dövlət rüsumu müəyyən edilir.

Qüvvədə olan qanunvericilik ərizəçiyə “əmr icraatı” çərçivəsində baxılması imkanını verdiyi tələblər üzrə ümumi əsaslarla – “iddia icraatı” çərçivəsində məhkəməyə tələblər irəli sürmək hüququnu da verir. Hazırkı dövlət rüsumunun məbləğləri ərizəçiləri “əmr icraatı” çərçivəsində baxıla bilən aşkar və mübahisəsiz kiçik tələbləri iddia icraatı qaydasında mübahisələndirməyə təşviq edir. Bu cür tələblərə iddia icraatı çərçivəsində baxılması isə məhkəmə xərclərinin artmasına, işə baxılmasının prosessual qaydasından irəli gələrək daha çox məhkəmə resurslarının (vaxtın və sair) sərf edilməsinə səbəb olur.

Məhkəmə əmrlərinin verilməsinə görə dövlət rüsumunun azaldılması Mülki Prosessual Məcəllənin 276.2-ci maddəsində nəzərdə tutulan aşkar və mübahisəsiz tələblər üzrə ərizəçilərin əmr icraatını seçməsini və məsələni daha operativ olan əmr icraatı qaydasında həllini təşviq edəcək.

Qeyd etmək lazımdır ki, qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş dövlət rüsumlarının 50 faizi miqdarında müəyyən olunur.

Təklif olunur ki, bu rüsum (dövlət rüsumunun 50 faizi) qiymətləndirilən iddialara münasibətdə ilkin iddianın bütövlükdə 50 faizinə deyil, yalnız mübahisələndirilən hissəsinə şamil edilsin. Bu isə şikayət verən şəxsin rüsum yükünün azalmasına (mübahisələndirdiyi hissə ilə məhdudlaşmasına) səbəb olacaq.

Qanun layihəsi aşkar və mübahisəsiz tələblər üzrə hüquqi müdafiənin forması kimi “əmr icraatı”nın daha geniş tətbiqinə, məhkəmə resurslarından daha səmərəli istifadəyə, məhkəməyə müraciət edən şəxslərin, o cümlədən apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri verən şəxslərin xərclərinin azalmasına xidmət edəcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Paylaş: