“Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində Azərbaycanda könüllülük hərəkatı sürətlə inkişaf edir. Bir çox dövlət qurumlarında könüllülük fəaliyyəti həyata keçirilir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, zaman-zaman gənclərin könüllülük fəaliyyəti ilə bağlı narazılıqları eşidilir:
“Burada söhbət bərabər şəraitin yaradılmasından və əməyin təhlükəsizliyinin təmin edilməsindən gedir. Hesab edirəm ki, bu dəyişiklik könüllülərin əməyinin mühafizəsi məsələsini daha sistemli şəkildə tənzimləyəcək və onların hüquqlarının qorunmasına töhfə verəcək.
Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycanda könüllülük fəaliyyəti getdikcə genişlənir. Bu gün “ASAN xidmət”də uğurlu model kimi tətbiq olunan könüllülük fəaliyyəti buna nümunədir. Vaxtilə “ASAN xidmət”də könüllü olmuş şəxslər hazırda həmin qurumda rəhbər vəzifələrdə çalışırlar.
Hesab edirəm ki, gələcəyə doğru addımlayarkən müasir çağırışları nəzərə almalı, könüllülük fəaliyyətini daha da təkmilləşdirməli və gənclər üçün uyğun şərait yaratmalıyıq. Bunun üçün “Könüllü fəaliyyət haqqında” qanuna da yenidən baxılması məqsədəuyğun olardı”.
Safura Bənnayeva
Globalinfo.az