baki ehali 0 900x494 1

“Dünyanın inkişaf etmiş iqtisadiyyatlarına baxdıqda görürük ki, ailə biznesləri iqtisadiyyatın əsas sütunlarından biridir. Almaniyada məşhur “Mittelstand” şirkətlərinin böyük hissəsi ailə biznesləridir. İtaliyada, Türkiyədə, Cənubi Koreyada və bir çox başqa ölkələrdə milyonlarla insan məhz ailə şirkətlərində çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, dünyanın ən böyük şirkətlərindən bəziləri də vaxtilə kiçik ailə biznesi kimi fəaliyyətə başlayıb:

“Azərbaycanda da minlərlə ailə kiçik mağaza, emalatxana, xidmət sahəsi, kənd təsərrüfatı və digər bizneslərlə dolanır. Son illərdə ölkəmizdə ailə bizneslərinin institusionallaşması istiqamətində addımlar atılıb. Bunun ən gözəl nümunəsi Dövlət Dəstəyi proqramı olan ABAD mərkəzləridir. Bu gün onlarla yerli ailə təsərrüfatı qida, sənətkarlıq və xidmət sahəsində öz brendlərini yaradır, hətta xarici bazarlara çıxır. Yerli təcrübəmiz göstərir ki, dövlət dəstəyi və düzgün marketinq birləşdikdə, milli ailə biznesləri iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilir.

Zənnimcə, ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasına ehtiyac var. İlk növbədə güzəştli kreditlər və xüsusi maliyyə proqramlarının nəzərdə tutulmasını vacib hesab edirəm. Çünki ailə bizneslərinin əsas problemi kapital çatışmazlığıdır. Eyni zamanda ailə bizneslərinin qeydiyyatı, hesabatlılığı və sənədləşməsinin daha sadə olmasını vacib bilirəm.

Beynəlxalq təcrübədə ailə bizneslərinin nəsildən-nəslə ötürülməsi üçün vergi və hüquqi güzəştlər tətbiq edilir. Biz də bu istiqamətdə düşünməliyik. Çünki bir çox hallarda biznes sahibi dünyasını dəyişdikdən sonra hüquqi və maliyyə problemləri səbəbindən illərlə qurulmuş biznes fəaliyyətini dayandırır.

Digər vacib məsələ təlim və məsləhət xidmətləridir. Bir çox ailə biznesləri peşəkar idarəetmə, marketinq və rəqəmsallaşma imkanlarından xəbərsizdir. Aidiyyatı dövlət qurumları bu sahədə xüsusi proqramlar həyata keçirə bilər.

Əslində, ailə biznesi sosial sabitlik, regionların inkişafı və məşğulluq məsələsidir. Güclü ailə biznesi yeni iş yerləri yaradır, insanların öz doğma rayonlarında işləməsinə imkan verir və dövlətin sosial yükünü azaldır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: