WhatsApp Image 2025 10 16 at 14.20.28

Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovla bağlı cinayət işi üzrə məhkəmə prosesi yeni mərhələyə qədəm qoyub. Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və digər ağır cinayətlərdə təqsirli bilinərək barəsində 14 il şərti cəza hökmü çıxarılan Mehdiyev apellyasiya instansiyasına müraciət edib. Artıq şikayət üzrə ilk məhkəmə iclası da keçirilib.

Bəs apellyasiya məhkəməsi əvvəlki hökmü dəyişə, Ramiz Mehdiyevə təyin olunan cəzanı ləğv edə və ya ağırlaşdıra bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, indiki məqamda müxtəlif qərarlar verilə bilər:

“Amma birinci instansiya məhkəməsi – Ağır Cinayətlər Məhkəməsində proses o qədər sürətlə keçirildi ki, mən hələ vəkil təcrübəmdə belə sürətli cinayət işinə rast gəlməmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, Apellyasiya Məhkəməsində ciddi heç bir dəyişiklik olmayacaq. Hökm bu və ya digər şəkildə qüvvədə qalacaq”.

ekrem hesenov

Hüquqşünas qeyd edib ki, təyin olunan cəzanı da sərt hesab etmir:

“Bundan da sərt cəza vermək olardı. Xüsusən də köməkçisinə, bildiyimə görə, deyəsən, altı il həbs veriblər. Belə ağır ittihamlar fonunda onlara bir qədər az cəza verilib. Bu baxımdan da apellyasiya məhkəməsində hökmün dəyişdirilməsi ehtimalı aşağıdır. Həm də onun hansı arqumentləri ola bilər? Prinsip etibarilə, nəzərə alaq ki, məhkəmə prosesi qapalı keçirilib, biz orada hansı arqumentlərin səsləndirildiyini, nəyə istinad edildiyini və nə tələb olunduğunu bilmirik. Buna görə düşünürəm ki, Ramiz Mehdiyev və köməkçisi sadəcə formal olaraq apellyasiya şikayəti veriblər ki, sabah kimsə onların hökmlə razılaşdığını deməsin. Yəni bunu ona görə ediblər ki, gələcəkdə onların tərcümeyi-halında həmin hökmü qanunsuz hesab etdikləri qeyd olunsun. Bundan başqa, mən bu addımda başqa bir məna görmürəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: