“Estoniyanın Bakıda səfirliyinin açılması ölkələrimiz arasında dostluq münasibətlərinə və uzunmüddətli əməkdaşlığa sadiqliyimizin göstəricisidir”.
Globalinfo.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda ölkəsinin səfirliyinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
O, ötən il Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə Bakıda səfirlik açılacağı ilə bağlı söz verdiyini xatırladıb.
“Ötən il burada olarkən Prezident İlham Əliyevə söz vermişdim ki, gələn il yenidən Azərbaycana gələcəyəm və səfirliyimizi açacağıq. İndi Prezident İlham Əliyevlə görüşdən gəlirəm və deyə bilərəm ki, biz estoniyalılar sözümüzün üstündə dururuq. Bu, bizim üçün çox vacibdir”, – nazir vurğulayıb.
Marqus Tsahkna Estoniyanın Azərbaycandan öyrənə biləcəyi çox şeyin olduğunu da bildirib.
“Qonşularla necə münasibət qurmaq, diplomatiya, demokratiya, iqtisadi inkişaf və regional proseslərdə necə lider olmaq, eləcə də dostluq münasibətlərini necə inkişaf etdirmək baxımından Azərbaycandan öyrənə biləcəyimiz çox şey var”, – o deyib.