Şimali Koreya lideri Kim Çen İn Rusiyadan olan incəsənət nümayəndələrinin konsertində iştirak edib. Konsertdə Rusiyanın xalq artisti, Bakıda doğulmuş Larisa Dolina da çıxış edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki bu barədə Koreya Mərkəzi Tеlеqraf Agentliyi (KMTA) məlumat yayıb.
Tədbir Pxenyanda Rusiya və KXDR arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasına həsr olunub.
Konsertdən sonra ifaçılara gül səbətləri təqdim edilib. Kim Çen İn səhnəyə qalxaraq Larisa Dolina ilə əl sıxıb, sənətçiləri təbrik edib və onlarla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Rusiyanın xalq artisti Larisa Dolina 10 sentyabr 1955-ci ildə Bakıda dünyaya gəlib. Ailəsi əslən Odessadan olsa da, müğənni üç yaşınadək Bakıda yaşayıb və sonradan valideynləri ilə birlikdə Odessaya köçüb. Larisa Dolina 1970-ci illərdə Xalq artisti Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Ansamblının solisti kimi fəaliyyət göstərib. O, 2015-ci ildə Bakıda Polad Bülbüloğlunun 70 illik yubiley tədbirində çıxışı zamanı paytaxtı doğma şəhəri adlandırıb və yaradıcılığının ən gözəl illərinin məhz Azərbaycan ansamblında keçdiyini bildirib.