memur zeng

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin onun telefon zənglərinə cavab verməməsindən narazılığını ifadə edib. Deputat bildirib ki, iki aydan artıq müddətdə agentliyin rəhbərinə dəfələrlə zəng etsə də, onunla əlaqə saxlaya bilməyib. Nurullayevin sözlərinə görə, müraciətinin səbəbi şəxsi məsələ deyil, vətəndaşlardan daxil olan şikayətlərlə bağlı olub.

Bəs qanunvericiliyə əsasən, nazir, komitə və agentlik rəhbərləri deputatların müraciət və sorğularını cavablandırmalıdırlar? Vəzifəli şəxsin deputatın telefon zənglərinə cavab verməməsi hüquqi məsuliyyət yaradırmı?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, deputatlar Azərbaycan xalqı tərəfindən seçki yolu ilə seçilən şəxslərdir:

“Onların səlahiyyətləri həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda müəyyən edilib. Deputatların səlahiyyətləri sözügedən qanunun 4-cü maddəsində də öz əksini tapıb. Həmin maddəyə əsasən, deputatların deputat sorğusu vermək hüququ var. Qanunun 14-cü maddəsində isə deputatın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməsi nəzərdə tutulur” .

Vəkil qeyd edib ki, deputatın da bir neçə səlahiyyəti var:

“Deputatların səlahiyyətlərinə vətəndaşların müxtəlif məsələlərlə bağlı narazılıq və şikayətlərini aidiyyəti dövlət qurumlarına çatdırmaq, müvafiq sorğular ünvanlamaq daxildir.

ramil suleymanov 900x600 3

Ramil Süleymanov

Eyni zamanda, Nazirlər Kabinetinin illik iclaslarında iştirak, ölkədə ciddi narazılıq doğuran məsələlərlə bağlı baş nazirin Milli Məclisin iclasına dəvət olunması, eləcə də konkret sahələr üzrə məsul şəxslərin parlamentin iclaslarına çağırılması təşəbbüsü ilə çıxış edə bilərlər”.

Vəkil Razi Nurullayevin bu məsələ ilə bağlı narazılığını isə anlamaqda çətinlik çəkdiyini bildirib:

“Deputatlar baş nazirə birbaşa sorğu ünvanlaya, onun Milli Məclisin iclasına çağırılmasını, eləcə də komitə iclaslarında müvafiq vəzifəli şəxslərin iştirakını tələb edə bilərlər. Bu baxımdan hesab edirəm ki, deputatların belə hallarda istifadə edə biləcəyi əsas mexanizm rəsmi sorğu və parlament nəzarəti imkanlarıdır. Vəzifəli şəxslər icra hakimiyyəti orqanlarının nümayəndələridir və müvafiq qaydada hökumət qarşısında hesabatlıdırlar. Onların fəaliyyəti, eyni zamanda, dövlət başçısının müəyyən etdiyi idarəetmə çərçivəsində həyata keçirilir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: