ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda Tehran-Pekin xəttində hərbi-siyasi təmasların artması diqqət çəkir. İran nümayəndə heyətinin Çinin dəvəti ilə bu ölkəyə səfər etməsi və nümayəndə heyətinə Ali Dini Lider Müctəba Xameneinin hərbi məsələlər üzrə müşaviri Yahya Rəhim Səfəvinin rəhbərliyi təsadüfi diplomatik təmas təsiri bağışlamır.
Xüsusilə səfər çərçivəsində Çinin Baş Qərargah rəisi, müdafiə naziri və Mərkəzi Komitənin üzvləri ilə görüşlərin nəzərdə tutulması Pekin-Tehran münasibətlərində hərbi-strateji gündəliyin aktuallaşdığını göstərir. Bütün bunlar ABŞ-ın mümkün hərbi ssenariləri ətrafında yeni geosiyasi mənzərənin formalaşdığına dair suallar yaradır.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, ABŞ-ın İrana qarşı daha əvvəl həyata keçirdiyi əməliyyatlar zamanı yüksək rütbəli dövlət rəsmilərinin və generalların hədəfə alınaraq öldürülməsinin bu gün yenidən dünya gündəminə gətirilməsi təsadüfi deyil:
“Lakin hesab edirəm ki, hazırkı vəziyyətdə Vaşinqtonun İrana qarşı eyni xarakterli genişmiqyaslı əməliyyat həyata keçirməsi o qədər də real görünmür.
İran da əvvəlki İran deyil. Xüsusilə iki dəfə gecə əməliyyatları nəticəsində ciddi zərbələr alan qonşu dövlətimizin təhlükəsizlik sistemində yaranmış boşluqları müəyyən qədər aradan qaldırdığını düşünmək olar. Təbii ki, bu, İranın bütün zəifliklərini aradan qaldırması demək deyil. Ancaq əvvəlki əməliyyatların təkrarlanması üçün ABŞ-ın qarşısında artıq fərqli şərtlər və daha mürəkkəb geosiyasi mənzərə var.
ABŞ Prezidenti Donald Trampın Şançjendə Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı nümayiş etdirdiyi davranış da bu ehtimalları gücləndirir. Dünyanın üç böyük gücünün bir araya gəldiyi tarixi görüşdən sonra İrana qarşı yeni əməliyyatın başlanması o qədər də real görünmür. Doğrudur, görüşdən sonra verilən açıqlamalarda Ukrayna və İran məsələlərinin geniş şəkildə müzakirə olunmadığı təəssüratı yaranıb. Putin tərəfindən Krım körpüsünə edilən hücumlara cavab veriləcəyi ilə bağlı səsləndirilən bəyanatlardan başqa, ciddi açıqlamalarla qarşılaşmadıq”.

Cavanşir Abbaslı
Siyasi şərhçi bildirib ki, Ukrayna və İran məsələlərinin pərdə arxasında müzakirə olunması ehtimalı kifayət qədər yüksəkdir:
“Belə mühüm görüşlərdə bütün məsələlərin ictimaiyyətə açıqlanması gözlənilmir. Xüsusilə də ABŞ, Çin və Rusiya kimi qlobal güclərin regional münaqişələrə dair mövqelərini açıq şəkildə ifadə etməməsi diplomatik danışıqların aparılmadığı anlamına gəlmir. İran nümayəndə heyətinin Çinə səfəri də bu baxımdan diqqət çəkir. Bu təmaslar Amerikanın İrana qarşı genişmiqyaslı əməliyyatlara başlayaraq fevralın 28-də həyata keçirilən hücumları yeniləməsi, yüksək rütbəli dövlət məmurlarını və generalları yenidən hədəfə alması ehtimalını müəyyən qədər aşağı salır. Çünki İranın Çinlə diplomatik əlaqələrini intensivləşdirməsi, ən azı Pekinin mövcud vəziyyətin daha da gərginləşməsində maraqlı olmadığını düşünməyə əsas verir.
Mənim qənaətimə görə, hazırkı mərhələdə İran ətrafında proseslər daha çox dondurulmuş vəziyyətdə davam edə bilər. Ancaq burada bir məqamı da nəzərə almaq lazımdır. İranın Rusiya və Çinlə yaxın münasibətləri hər kəsə məlumdur. Bu iki dövlətlə strateji əlaqələrini qoruyan Tehran üçün onların mövqeyi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ-ın da Çin və Rusiya ilə münasibətlərində yeni gərginlik yaradacaq addımları atmazdan əvvəl ciddi hesablamalar aparacağı şübhəsizdir.
Bütün bunları nəzərə aldıqda, üçtərəfli görüşdən sonra İrana qarşı əməliyyatların üçüncü dalğasının başlanması ehtimalını yüksək dəyərləndirmirəm. Ən azı indiki geosiyasi şəraitdə belə bir addımın atılması Vaşinqton üçün ciddi siyasi və strateji nəticələr doğurar”.
Turan Rzayev
Globalinfo.az