“Prezident İlham Əliyevin 19–21 noyabr tarixlərində Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi və iqtisadi tərəfdaşlıqların şaxələndirilməsinin göstəricilərindəndir”.
Bu sözləri Globalinfo.az-a politoloq Tamilla Qulami Prezident İlham Əliyevin Vyetnama səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, bu səfərə sadəcə diplomatik münasibətlərin inkişafı deyil, həmçinin Azərbaycanın Cənub-Şərqi Asiyada iqtisadi və siyasi mövqelərini möhkəmləndirməsinə doğru atılmış addım da demək olar:
“Belə ki, ölkə başçısının Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin getdikcə daha çox əhəmiyyət qazandığını da göstərir. Bu səfərin əsas səbəblərindən biri olaraq, qeyd etmək lazımdır ki, sürətlə inkişaf edən Cənub-Şərqi Asiya bazarına çıxış imkanlarını genişləndirmək, yeni iqtisadi tərəfdaşlıqlar qurmaq və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mövqeyini gücləndirməkdir.
Xatırladım ki, 2025-ci ilin mayında Vyetnam Prezidenti To Lamın Azərbaycana səfəri zamanı iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmişdi. Düşünürəm ki, bu səfər də həmin siyasi razılaşmaların konkret iqtisadi və institusional nəticələrə çevrilməsinə atılan addımlardan biridir.
Ölkələrarası iqtisadi əməkdaşlıq xüsusi diqqətçəkicidir. 2025-ci ildə Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dolları ötsə də, potensial bundan xeyli genişdir. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlıq, enerji layihələri, sənaye, kənd təsərrüfatı və investisiya imkanları yeni perspektivlər yaradır. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılmasında ölkəmizin rolunun artırılması ehtimalını gücləndirir.

Tamilla Qulami
Səfər zamanı Prezidentlər birgə bəyanat qəbul edib, bir sıra əməkdaşlıq sənədləri imzalayıblar. Xüsusilə Azərbaycanda günəş və külək elektrik stansiyalarının inkişafı ilə bağlı ROX Group ilə əldə olunan razılaşma, eləcə də fövqəladə hallar və institusional əməkdaşlıq sahəsində sənədlər iqtisadi münasibətlərin praktik müstəviyə keçdiyini göstərir.
Əlbəttə ki, bu tip səfərlərin siyasi tərəfi də önəm daşıyan məsələlərdəndir. Vyetnam Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. Bakı üçün Asiyanın mühüm siyasi və iqtisadi aktorlarından biri ilə münasibətləri dərinləşdirmək beynəlxalq əlaqələrin şaxələndirilməsi baxımından təqdirə layiqdir və beləliklə də, bu səfərin əsas hədəfi tarixi dostluq münasibətlərini real iqtisadi layihələrə, investisiyalara və uzunmüddətli strateji əməkdaşlığa çevirməkdir. Ən əsası da əldə olunan razılaşmaların icrası təmin edilsə, Azərbaycan-Vyetnam münasibətləri ölkəmizin Asiya ilə Avropa arasında iqtisadi və logistika körpüsü rolunu daha da gücləndirə bilər.
Lakin unutmayaq ki, bütün səfərlərin müsbət nəticələri imzalanan sənədlərin sayından daha çox, onların nə qədərinin real investisiyaya, ticarət artımına, yeni nəqliyyat marşrutlarına və enerji layihələrinə çevriləcəyindən asılıdır”.
Turan Rzayev
Globalinfo.az