ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri Stiven Millerin prezidentliyə namizədliyini irəli sürməsini təklif edib.
Tramp Millerin prezidentliyə dövlət katibi Mark Rubio və vitse-prezident Cey Di Vensdən daha uyğun namizəd olduğunu bildirib.
ABŞ lideri həmçinin Milleri “dünyanın ən güclü adamı” adlandırıb.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Donald Trampın Ağ Ev aparatının rəhbəri Stiven Milleri prezidentliyə mümkün namizəd kimi təqdim etməsi diqqət çəkir:
“Trampın Milleri vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubiodan üstün tutduğunu bildirməsi təsadüfi deyil. Burada əsas məsələ Millerin həqiqətən prezident olmaq istəyib-istəməməsi deyil, Trampın onu ictimaiyyət qarşısında hansı mövqedə təqdim etməsidir.
Miller uzun müddətdir Tramp administrasiyasının siyasi xəttinin formalaşmasında mühüm rol oynayan fiqurlardan biridir. Onun adı xüsusilə miqrasiya siyasəti və sərt dövlət idarəçiliyi yanaşması ilə əlaqələndirilir. Trampın onu “dünyanın ən güclü adamı” adlandırması isə administrasiya daxilindəki təsirini nümayiş etdirmək baxımından diqqətəlayiqdir.

Qabil Hüseynli
Bu baxımdan Trampın açıqlamasını Respublikaçılar Partiyasında 2028-ci il prezident seçkiləri ilə bağlı mümkün varislik müzakirələrinin bir hissəsi kimi oxumaq olar. Son aralıq seçkilərdə Respublikaçıların üzləşdiyi uğursuzluqdan sonra partiya daxilində gələcək siyasi xətt və liderlik məsələsi daha çox diqqət mərkəzinə gəlib. Cey Di Vens və Marko Rubio mümkün namizədlər kimi müzakirə olunduğu halda, Trampın Milleri də bu kontekstdə gündəmə gətirməsi maraqlı siyasi mesajdır.
Məsələnin başqa bir tərəfi də var. Tramp siyasi münasibətlərində şəxsi sədaqətə və öz baxışlarına yaxınlığa xüsusi əhəmiyyət verir. Millerin çıxışı zamanı prezidentin fəaliyyətini yüksək səviyyədə tərifləməsi, Trampın isə dərhal onu ön plana çıxarması bu münasibətin qarşılıqlı xarakterini göstərir”.
Turan Rzayev
Globalinfo.az