İordaniya ordusu təxminən 14 silahlı şəxsdən ibarət bir qrupun Suriya ərazisindən keçmək cəhdinin qarşısını alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə dövlətə məxsus “Petra” xəbər agentliyi krallığın hərbi komandanlığına istinadən məlumat yayıb.
Agentlik yazır ki, sərhədçilər silahlı qrupla döyüşə girib, nəticədə təxribatçılar itki veriblər. Sağ qalan silahlılar Suriya ərazisinin dərinliklərinə qaçıblar.
Komandanlığın məlumatına görə, hadisə 30 oktyabr axşamı Şimal Hərbi Dairəsinin məsuliyyət zonasında baş verib. Silahlı qrup sərhədi keçməyə cəhd göstərərək İordaniya hərbçiləri ilə birbaşa toqquşmaya girib.
Komandanlıq qeyd edib ki, İordaniya ordusu sərhəddən qanunsuz sızma və qaçaqmalçılıq cəhdlərinin, eləcə də krallığın təhlükəsizliyini təhdid edən hər hansı bir hərəkətin qarşısını qəti şəkildə almağa davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az