Rəsmi Moskva Kiyev və ABŞ-la Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna ordusunun Rusiya neft emalı zavodlarına hücum məsələsini qaldırmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Rusiya neft emalı zavodlarına hücumlar danışıqların keçirilməsinə mane olmur. Peskovun sözlərinə görə, Donald Trampın xahişinə baxmayaraq, hücumların bərpa olunması məsələsi Ukrayna və ABŞ arasında müzakirə edilməlidir.
Kremlin sözçüsü əlavə edib ki, danışıqlara hazırlıq dövründə hərbi əməliyyatlar dayandırılmayacaq:
“Danışıqlara hazırlıq hərbi əməliyyatların məhdudlaşdırılması ilə bağlı hər hansı öhdəlik götürülməsi demək deyil”.
Peskov Rusiyanın atəşkəsə qarşı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Moskva Ukraynaya hərbi əməliyyatlarda fasilə qazandıracaq atəşkəsin tərəfdarı deyil.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası məsələsi oktyabrın 21-də Sankt-Peterburqda Vladimir Putinlə Stiven Uitkoffun görüşündə müzakirə olunub.
Ötən həftə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın noyabrın 4-dən sonra üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Görüşün Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur. Uşakov danışıqların əsas mövzusunun Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin formalaşdırılması olacağını qeyd edib.
Əliyar Xəlil