Keçmiş Google mühəndisi Neyt Soares süni intellektin gələcəkdə bəşəriyyətin mövcudluğunu təhlükə altına ala biləcəyini bildirib. O, bu ehtimalı o qədər ciddi hesab edir ki, artıq pensiya fonduna pul yatırmadığını və təqaüd üçün yığım etmədiyini deyib. Soaresin bu açıqlaması süni intellektin insanlıq üçün yaratdığı risklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Süni intellektli gələcək bu qədərmi qorxunc gəlir? Nələr gözlənilir?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, belə qorxulu proqnozlar getdikcə dünyada artır:
“Süni intellektin idarə olunması və proqramlaşdırılması insanın əlindədir. Bu, süni intellektin özündən asılı olan məsələ deyil. Ən azı, elektrik enerjisi olmasa, süni intellekt də işləyə bilməz. Yəni yarı zarafat, yarı gerçək belə bir fikir var ki, süni intellektin elektrikini kəssən, o dayanacaq və heç nə edə bilməyəcək. Bu baxımdan, onun fəaliyyətinə nəzarət də insanın əlindədir.
Bəli, müəyyən təhlükələr və problemlər olacaq. Amma tarixən bütün texnoloji keçid dövrlərində belə hallar yaşanıb. İnsanlar texnoloji dəyişikliklər zamanı həmişə qorxunc proqnozlar veriblər. Məsələn, XIX əsrdə buxar maşınları ortaya çıxanda Böyük Britaniyada fəhlələr işlərini itirəcəkləri qorxusu ilə gecələr maşınlara hücum edir, onları sındırırdılar. Bəs nəticə nə oldu? Buxar maşınlarının geniş yayılması əksinə, yeni avadanlıqların kəşfinə və daha çox iş yerinin yaranmasına səbəb oldu”.
Natiq Cəfərli
Ekspert qeyd edib ki, süni intellekt haqqında miflərdə çoxdur:
“Əslində, süni intellekt insanın köməkçisinə çevrilə bilər. Məlumat bazalarının hazırlanması, statistik təhlillər, proqram təminatının yazılması və digər sahələrdə insana ciddi kömək edə, onun işini xeyli yüngülləşdirə bilər. Amma sadə dillə desək, süni intellekt kartof yetişdirməyəcək, onu torpaqdan çıxarmayacaq, inək otarmayacaq, inəyi sağmayacaq, süddən qatıq və yağ hazırlamayacaq. Təbii ki, bu sahələrdə də müəyyən köməyi ola bilər. Ancaq insan əməyinə həmişə ehtiyac qalacaq və insan əməyi öz dəyərini qoruyacaq. Məsələyə bu tərəfdən də baxmaq lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az