qadin

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova son günlər “TikTok”da yayılan görüntüləri ilə gündəmə gəlib. İndi isə onun psixoloji dispanserə yerləşdirildiyi barədə məlumatlar yayılıb. Bu iddia sosial şəbəkələrdə müzakirələrə səbəb olmaqla yanaşı, psixoloji dispanserə yerləşdirilmə qaydaları ilə bağlı suallar da yaradıb.

Maraqlıdır, bir şəxsin sosial şəbəkələrdəki davranışları onun psixiatriya müəssisəsinə yerləşdirilməsi üçün əsas sayılırmı? Hansı hallarda şəxs psixiatriya müəssisəsinə yerləşdirilə bilər? Şəxsin öz razılığı olmadan psixiatriya müəssisəsinə yerləşdirilməsi mümkündürmü?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, hüquqi baxımdan sosial şəbəkədəki davranışla psixi pozuntu arasında avtomatik əlaqə qurula bilməz:

“Burada iki fərqli məsələni, yəni şəxsin davranışının hüquqi və sosial qiymətləndirilməsi, eləcə də psixi sağlamlığının tibbi müayinəsini ayırmaq vacibdir. “Psixiatriya yardımı haqqında” Qanununun 8.1-ci maddəsinə əsasən, psixi pozuntunun diaqnozunu müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq yalnız həkim-psixiatr müəyyən edir. Qanunun 8.3-cü maddəsi isə şəxsi müayinə etmədən, yəni qiyabi qaydada diaqnoz qoyulmasını qadağan edir. Bu baxımdan, şəxsin sosial şəbəkədəki paylaşımlarına, videolarına və şərhlərinə əsaslanaraq onun psixi xəstə olması barədə hüquqi nəticə çıxarmaq mümkünsüzdür. Həmin materiallar narahatlıq doğurduğu halda mütəxəssisin əlavə araşdırma və müayinəsi üçün ilkin əsas ola bilər. Lakin tibbi diaqnozu və stasionar müalicəyə ehtiyacı yalnız səlahiyyətli mütəxəssis müəyyən etməlidir”.

ellada

Ellada Bayramova

Hüquqşünas bildirib ki, sosial şəbəkədəki davranış tibbi müayinəyə ehtiyac barədə siqnal sayıla bilər, lakin psixiatrik diaqnoz və ya məcburi hospitalizasiya üçün kifayət edən hüquqi əsas deyil:

“Qanunvericiliyə görə, şəxsin qeyri-könüllü qaydada psixiatriya müəssisəsinə yerləşdirilməsi üçün müəyyən şərtlər mövcud olmalıdır. Bunlardan birincisi, şəxsin özü və ya ətrafdakılar üçün bilavasitə təhlükə yaratmasıdır. Burada söhbət sadəcə aqressiv danışıqdan, təhqiramiz ifadələrdən və ya sosial şəbəkədəki qəribə çıxışlardan getmir. Konkret davranışın real təhlükəlilik dərəcəsi və onun psixi pozuntu ilə əlaqəsi müəyyən edilməlidir.

İkinci hal şəxsin psixi pozuntu nəticəsində aciz vəziyyətə düşməsidir. Yəni o, əsas həyati tələbatlarını müstəqil şəkildə təmin etmək qabiliyyətini itirməlidir. Bu, sadəcə özünə qulluq etmək istəməmək və ya həyat tərzinin başqalarının gözləntilərinə uyğun gəlməməsi deyil, psixi pozuntunun gündəlik fəaliyyətə ciddi təsir göstərməsidir. Qeyd olunan halların mövcudluğuna dair ehtimal da kifayət etmir. Qanunun 22.1-ci maddəsinə əsasən, psixiatriya stasionarına yerləşdirmə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz yardımın stasionardan kənarda göstərilməsinin səmərəsiz olduğu hallarda mümkündür”.

E.Bayramova qeyd edib ki, sosial şəbəkədəki davranışlar müəyyən təhlükə ehtimalı yaradırsa, psixiatrik müayinə üçün hüquqi əsaslar ortaya çıxır:

“Lakin hüquq pozuntusuna görə məsuliyyətlə psixi sağlamlıq vəziyyətinə əsaslanan qeyri-könüllü hospitalizasiya ayrı-ayrı hüquqi prosedurlardır. Şəxsin hüquqazidd davranış törətməsi avtomatik olaraq onun psixi xəstə olması demək olmadığı kimi, psixi pozuntunun mövcudluğu da onun mütləq hüquqazidd davranış törətdiyini göstərmir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: