mh 112

Bu gün Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. 29 oktyabr 1925-ci il tarixdə Türkiyə dövlətinin yaranma günü kimi qeyd olunması barədə qanun qəbul olunub.

Bu münasibətlə qardaş Türkiyə xalqını təbrik edirəm. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Təəssüf ki, son zamanlar iki qardaş ölkə arasında nifaq salmaq, qardaşlığımıza xələl gətirmək istəyənlər var. Lakin bu dostluq və qardaşlıq sarsılmazdır, pozulmazdır.

Qardaşlığımıza xələl gətirmək istəyənlərdən bəhs etmişkən, AKP-yə bağlı trolların, funksionerlərin və media subyektlərinin dövlətimizi, dövlət başçımızı tənqid və təhqir etməyə başları elə qarışıb ki, hələ də burunlarının ucunda baş verən sensasion hadisəni görməyiblər.

Ya da görmək istəmirlər…

Belə ki, Fələstin Prezidenti Mahmud Abbas 29-30 oktyabr tarixlərində Kipr Respublikasına işgüzar səfərə gedib. Bəli, məhz 29 oktyabrda – Türkiyənin ən müqəddəs milli günündə Fələstin lideri Ankaranın Aralıq dənizindəki ən böyük rəqiblərindən biri olan Kipr Respublikası ilə qucaqlaşır. Şəxsən mənim üçün bu, o qədər də qeyri-adi deyil. Çünki, Fələstin müstəqil ölkə kimi xarici siyasətdə çoxvektorlu xətt tuta bilər. Lakin haqlı olaraq bu sualları verməliyəm:

Azərbaycanı İsraillə əlaqələrinə və Fələstin davasına “kifayət qədər dəstək verməməsinə” görə kəskin tənqid, hətta təhqir edən nurçu, AKP tərəfdarı çevrələr, islamçı media və siyasi qruplar buna necə reaksiya verəcəklər? Türkiyədə Fələstin naminə qardaş Azərbaycanı “xəyanət” və “sionizmə xidmət” ittihamları ilə hədəfə alan islamçı dairələr nə edəcəklər? Azərbaycanı hər fürsətdə Fələstin məsələsinə görə qaralayanlar indi öz ideoloji tərəfdaşlarının Türkiyəyə qarşı atdığı bu diplomatik şapalağı necə izah edəcəklər?

Əgər bir dövlətin başqa ölkə ilə diplomatik və iqtisadi əlaqələri onun Fələstin məsələsindəki mövqeyini qiymətləndirmək üçün əsas götürülürsə, eyni prinsip digər dövlətlərin xarici siyasətinə münasibətdə də tətbiq edilməlidir. Əks halda, ortada universal siyasi prinsip deyil, konkret ölkəyə qarşı istifadə olunan ittiham ritorikası dayanır.

Onu da deyim ki, Mahmud Abbasın səfəri çərçivəsində Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşündə Qəzzadakı vəziyyətin, humanitar yardımın, ikitərəfli münasibətlərin və Kipr məsələsinin müzakirəsi nəzərdə tutulub. Yəni bu, sadəcə protokol xarakterli təmas deyil, Fələstin rəhbərliyinin öz diplomatik maraqlarını müxtəlif tərəfdaşlarla münasibətlər vasitəsilə həyata keçirdiyini göstərən hadisədir.

Ankara ilə Nikosiyanın münasibətləri uzun illərdir ciddi siyasi mübahisələrlə müşayiət olunur. Bu, çox mühüm məqamdır. Çünki belə bir şəraitdə Fələstin rəhbərliyinin Kipr Prezidenti ilə görüşməsi göstərir ki, Fələstinə dəstək verən dövlətlər və siyasi qüvvələr arasında Türkiyənin regional maraqları ilə tam üst-üstə düşən vahid xarici siyasət xətti mövcud deyil. Fələstin rəhbərliyi həm Türkiyə, həm də Kipr Respublikası ilə diplomatik münasibətlər saxlaya bilir.

Əgər Azərbaycanın İsraillə diplomatik, iqtisadi və strateji münasibətləri Bakının Fələstin məsələsindəki mövqeyini şübhə altına almaq üçün kifayət edirsə, Fələstin rəhbərliyinin Türkiyə ilə ciddi fikir ayrılıqları olan bir dövlətlə münasibətlər qurmasına nə ad verək?

akp bina

Yuxarıda qeyd etdiyim kimi, Mahmud Abbasın niyə Kiprlə münasibətlər qurduğunu sorğulamıram. Əksinə, mənə görə, dövlətlərin öz milli maraqlarına uyğun diplomatik əlaqələr qurması onların ən təbii hüququdur. Məni maraqlandıran məsələ Azərbaycan eyni şeyi edib İsraillə əməkdaşlıq edəndə AKP trollarının və funksionerlərinin aktivləşərək Azərbaycanı hədəfə almasıdır.

Ümumiyyətlə, maraqlıdır, görəsən, AKP trolları və funksionerləri bilirlərmi ki, Yassir Ərəfatın rəhbərlik etdiyi dönəmdə Fələstin Azadlıq Təşkilatının və onun ətrafındakı müxtəlif silahlı qruplar başqa ölkələrdən olan silahlı hərəkatlarla təmasları olub?

Məsələn, ASALA…

1975-ci ildə yaradılan və xüsusilə Türkiyənin diplomatik nümayəndələrinə qarşı həyata keçirdiyi hücumlarla tanınan bu terror təşkilatının Fələstin Azadlıq Təşkilatı ilə sıx əlaqələri olub. Hətta Fələstin qruplarının düşərgələrindən təlim və əlaqələndirmə məqsədilə istifadə edilməsi barədə məlumatlar da var.

Azərbaycanı İsraillə əməkdaşlığına görə ittiham edənlər Fələstin siyasi hərəkatının tarixini də eyni ciddiyyətlə müzakirə etməli, Türkiyənin maraqlarına aid məsələlərdə də eyni prinsipiallığı göstərməlidirlər.

Hər nə isə…

Əslində, təkcə M.Abbasın Kiprə səfəri belə bir nəticəyə gəlməyə əsas verir. Azərbaycan Fələstin məsələsində öz mövqeyini ifadə etmək üçün İsraillə bütün münasibətlərini kəsməyə məcbur deyil. Eyni şəkildə, Fələstin rəhbərliyinin Kiprlə əlaqələrini davam etdirməsi də onun Fələstin xalqının hüquqlarından imtina etməsi kimi qiymətləndirilə bilməz. Deməli, diplomatik münasibətlərin mövcudluğu öz-özlüyündə başqa bir xalqa qarşı düşmən münasibətin sübutu sayıla bilməz. Əgər Mahmud Abbasın Kiprlə diplomatik əlaqələr qurması Fələstin rəhbərliyinin suveren qərarıdırsa, Azərbaycanın İsraillə münasibətləri də ilk növbədə Azərbaycanın suveren qərarıdır.

Yox, əgər həmin şəxslər Azərbaycanın İsraillə münasibətlərinə görə Bakını Fələstin xalqına qarşı çıxmaqda ittiham edirlərsə, onda buyursunlar, Mahmud Abbasın Kiprlə əməkdaşlığını da eyni prinsip əsasında müzakirə etsinlər.

Əgər edə bilsələr!

Etməyəcəkləri çox aydındır. Çünki onların “İslam həmrəyliyi” ritorikası yalnız Azərbaycana qarşı işləyir. Fələstinin Türkiyənin maraqlarına toxunan addımlarına gəldikdə isə “lal, kar və kor” olurlar.

Onu da deyim ki, AKP-yə bağlı qrupların saxta və əsassız iddialarından fərqli olaraq Azərbaycan BMT-də Fələstini dəstəkləyən qətnamələrin lehinə səs verib. Azərbaycan, həmçinin, hər il Fələstinə humanitar yardımlar göndərir. Bu gün Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda və tədbirlərdə çıxışları zamanı Fələstinə açıq dəstəyini ifadə edib. Halbuki bunları etməyə də bilərdik və bunun üçün kifayət qədər səbəbimiz var.

Məsələn, Bakının bu qədər dəstəyinə rəğmən, Fələstin rəhbərliyinin siyasi seçimləri və kadr siyasəti Azərbaycan cəmiyyətində narazılıq doğura bilərdi. Daha dəqiq desəm, 2024-cü ildə Fələstin administrasiyasında Varsen Ağabekian Şahin xarici işlər üzrə dövlət naziri təyin edilib. 2025-ci ilin iyununda isə xarici işlər və xaricdəki fələstinlilər naziri vəzifəsinə gətirilib. Lakin Azərbaycan tərəfi bu məsələ ilə bağlı bu günə qədər bir dəfə də olsun etiraz və ya narazılıq bildirməyib.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: